Hacıbəy Heydərli Türk Dünyası Jurnalistlərinin Forumunda iştirak edib - FOTOLAR

Hacıbəy Heydərli Türk Dünyası Jurnalistlərinin Forumunda iştirak edib - FOTOLAR
SOSİAL
09:00 18.08.2026
157
Türkiyənin Balıkesir şəhərində "Media və Süni İntellekt” mövzusunda Türk dünyası jurnalistlərinin forumu keçirilib.

Türk dünyasının müxtəlif ölkələrindən media nümayəndələrinin, jurnalistlərin, ekspertlərin və sahə üzrə mütəxəssislərin iştirak etdiyi forumda müasir medianın qarşısında dayanan əsas çağırışlar, rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının jurnalistikaya təsiri və media sahəsində yeni imkanlar müzakirə olunub.

AZXEBER.COM xəbər verir ki, forumun ilk günündə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Azxəbər” informasiya portalının baş redaktoru Hacıbəy Heydərli çıxış edib.

Hacıbəy Heydərli çıxışında süni intellektin media sektorunda yaratdığı dəyişikliklərdən danışıb. O bildirib ki, süni intellekt artıq medianın gələcəyi deyil, bu gününün bir hissəsinə çevrilib. 

Onun sözlərinə görə, xəbər istehsalından tutmuş məlumatların təhlilinə, tərcüməyə, video və audio kontentin hazırlanmasına qədər bir çox prosesdə süni intellektdən istifadə edilir.

Hacıbəy Heydərli eyni zamanda süni intellektin medianı hansı sahələrdə artıq üstələdiyinə diqqət çəkib. O qeyd edib ki, xüsusilə məlumatların emalı, avtomatik xəbər hazırlanması, tərcümə, kontentin fərdiləşdirilməsi, sosial şəbəkələrdə trendlərin müəyyənləşdirilməsi və multimedia məhsullarının hazırlanması istiqamətində süni intellekt insan əməyindən daha sürətli nəticə ortaya qoyur.

Bununla yanaşı, çıxışda süni intellektin jurnalistikanı tamamilə əvəz edə bilməyəcəyi vurğulanıb. Bildirilib ki, hadisə yerində olmaq, mənbə ilə münasibət qurmaq, eksklüziv informasiya əldə etmək, məlumatın etibarlılığını yoxlamaq, hadisəyə kontekst vermək və ictimai məsuliyyət daşımaq hələ də peşəkar jurnalistin əsas üstünlükləridir.

Hacıbəy Heydərli vurğulayıb ki, əsas məsələ jurnalistlə süni intellekti qarşı-qarşıya qoymaq deyil, bu texnologiyadan peşəkar jurnalistikanın inkişafı üçün düzgün istifadə etməkdir. Onun sözlərinə görə, gələcəyin mediasında süni intellektdən istifadə edən, lakin jurnalistikanın əsas prinsiplərini qoruyan media qurumları daha rəqabətqabiliyyətli olacaq.

Türk dünyasının media nümayəndələrini bir araya gətirən forumda ortaq media əməkdaşlığının inkişaf etdirilməsi və rəqəmsal dövrdə jurnalistikanın qarşısında duran yeni çağırışlara birlikdə cavab verilməsi istiqamətində müzakirələr davam etdirilib.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR