Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Xəbər agentliyi olan uza.uz-da yayımlanıb.
Məqalə "Azərbaycan və Özbəkistan: Dostluğun və əməkdaşlığın yeni mərhələsində" adlanır.
Məqalədə qeyd edilir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.
Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münasibətlər QHT və media sferasında da günü-gündən inkişaf edir. O bildirib ki, 5 dekabrda Daşkənddə baş tutan Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunu bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar:
Azərbaycan və Özbəkistanın QHT-ləri, qarşılıqlı əməkdaşlıq və regional inkişafda mühüm rol oynamağa davam edəcəkdir. İki ölkənin vətəndaş cəmiyyəti təşkilatları, hər iki dövlətin sosial və iqtisadi inkişafını dəstəkləmək, demokratiyanın təşviqinə yardım etmək və humanitar sahədə müsbət dəyişikliklərə nail olmaq üçün birlikdə fəaliyyət göstərə bilərlər.
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan arasındakı QHT əməkdaşlığı, hər iki ölkə arasında möhkəm və davamlı əlaqələrin qurulmasında mühüm bir elementdir. Bu əməkdaşlıq, həmçinin geniş miqyaslı regional təşəbbüslərin həyata keçirilməsində əsas rol oynayır.
