"Əvvəlki görüşdə tərəflərin razılaşdığı əsir mübadiləsi baş tutub. Liderlərin görüşü üçün nələrin edilə biləcəyi ilə bağlı ilkin hazırlıqlar görülüb."
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda Rusiya-Ukrayna nümayəndə heyətləri arasında baş vermiş görüşə münasibət bildirərkən deyib.
"Biz Rusiya-Ukrayna sülhü üçün nə edə biləcəyimizə dair təşəbbüslər irəli sürmüşük. Biz ilk gündən sülh üçün səy göstəririk. İyunun 2-də keçirilən görüşdə tərəflərlə liderlər zirvəsini də müzakirə etdik. İstanbulda keçirilən görüşdə tərəflər bir çox məsələlərdə razılığa gəliblər. Gözləntimiz odur ki, növbəti tur olsun. Çünki hər iki tərəf bir araya gəlməyin fayda gətirdiyini görür.
Biz liderlərin sammitinə hazırıq. Putin, Tramp və Zelenskinin bir araya gəlməsi çox vacibdir. Ərdoğandan başqa hər üç liderin eyni anda güvəndiyi bir ad yoxdur. Bu, iki ölkə arasında gedən müharibə deyil, qlobal miqyasda yayılma riski olan bir müharibədir. Prezidentimiz əvvəldən həm regional rəhbərlərə, həm də hər iki tərəfin rəhbərliyinə tez-tez zənglər edir”, - o deyib.
/APA