Təhminə YusifovaBu günlərdə bir məsələ ətrafında düşünürdüm. Hamı kimi doğulub hamı kimi yaşamaq nə deməkdir? Bu, ümumiyyətlə mümkündürmü? Yeknəsəq həyat sürmək necə olur? İnsan həyatının hansısa bir anı nə zamansa təkrarlanırmı?... Sonsuz suallar işərisində dolaşarkən internet saytlarının birindən gözəl sənətkarımız, xalq artisti, “Şöhrət” ordenli professor Məsnum İbrahimovun ifasını eşitdim:
Yenə könlüm qasırğada,
Borandadır, qardadır,
Bir quş kimi ötən gənclik
Hayandadır, hardadır?!
Ömrünün kamil çağında, istər sənət, istərsə də şəxsi həyatında bu qədər uğurlara imza atmış, özündən yaş və sənət təcrübəsi daha çox olan bəzi sənətkarların çata bilmədiyi nailiyyətlər qazanmış bir sənətkar gəncliyini arzulayır. Təbii ki, bu sözlər hansısa şairindir, amma onu dinləyici, tamaşaçı ifaçının dilindən eşitdiyinə görə məhz onun ürəyinin səsi kimi qəbul edir... İstər-istəməz bir az əvvəlki suallar qayıtdı beynimə və bu insanın simasında suallarıma cavab tapdım...
Mənsum İbrahimov hamı kimi doğulmadı. Qarabağda dünyaya göz açdı, onun havasını uddu, suyunu içdi. Dağların təmiz havası, səfalı təbiət öz möcüzəsini ondan əsirgəmədi. Orada doğulub böyüyən bir sıra uşaqlar kimi balaca Mənsumun də səsidi, istedadını aşkarlamaq o qədər də çətin olmadı. Öz alın yazısından xəbərsiz bu yazını gerçəkləşdirməyə doğru yol gəlməyə başladı. Bəzən yoruldu, bəzən dayandı, bəlkə də yolun yarısından qayıtmaq istədi... Amma bu pozulmaz yazı idi və fövqəltəbii bir qüvvə onu idarə edirdi. Enişinə, yoxuşuna, təpəsinə, düzünə baxmayaraq, əzab və çətinliklərinə sinə gərərək addımladı. Ayağına daş da dəydi, tikan da batdı, büdrədi, yenidən qalxdı, fəqət dayanmadı, irəlilədi, zərrə-zərrə, pillə-pillə qalxdı...
Yüzlərlə xalq və bəstəkar mahnısına yeni nəfəs, yeni həyat verən, onlarla muğam və təsnifləri əbədiyyətə həkk edən sənətkar insanlarına qəlbinə daha çox Məcnun kimi yol tapdı. Görəsən niyə? Səbəb Üzeyir dahiliyi idi, yoxsa Füzuli sənətkarlığı? Məncə heç biri. Əsəri ölümsüz edənlər onu yaradanlar deyil, daha çox yaşadanlardır. 20 ildən artıqdır Mənsum müəllim Azərbaycan Dövlət Akademi Opera və Balet Teatrının səhnəsində Məcnun rolunu ifa edir. Təxminən 130 dəfə “Məcnun” olmaq, onu yaşamaq, yaşatmaq, sevdirmək hər sənətkara nəsib olan xoşbəxtlik deyil. Məcnun onun həyat tərzidir artıq. Məcnun onun daxilidir, simasıdır, təbəssümüdür,ifasıdır. Məcnun onun gəncliyidir, kamilliyidir. Bu gün Məcnunu Mənsumsuz, Mənsumu Məcnunsuz təsəvvür etmək qeyri-mümkündür. Qəlbi gənclik eşqi ilə döyünən, ruhu daima gənc olan bir insan gənclik təəssübü çəkə bilərmi? Əsla! Onun həyatının heç bir anı digərini təkrarlamadı. Bəzən qəbul etmək ağır olsa belə, çətinliyi də uğurları kimi mərdliklə qarşıladı. Kədərində də bir şükranlıq sezildi. Yaşadıqları və hələ yaşayacaqları üçün hər zaman minnətdarlıq hissi ilə nəfəs aldı. Yəqin ki, sadalananlar yalnız ötən illərə aid deyil, gələcəkdə də belə olacaq...
Bu böyük sənətkarın 54 yaşı tamam olur. 55 yaşın bir addımlığında o, yenə gəncdir, 30 il əvvəlki sənət eşqi ilə, yaradıcılıq həvəsi ilə yenə də çalışmaqda, yaratmaqdadır. Özünün də dəfələrlə dediyi kimi, mən Yaradanımızın yaratdığı hər nə varsa, onun Məcnunuyam, mən Qarabağın Məcnunuyam. Tanrı qəlbinizdən bu hissi, bu sevgini heç zaman əskik etməsin! Uca Yaradan sizə doğma Qarabağımızda Məcnun rolunu ifa eməyi qismət etsin!