Hamının dil və ədəbiyyat müəllimi... olsa əgər!

Hamının dil və ədəbiyyat müəllimi... olsa əgər!
KÖŞƏ
00:43 13.10.2015
2862
Aydın Canıyev
Mən həmişə Onu sevdim. Onunla bərabər Tamara xanımı da.
Fizikasız da keçinəcəyimi bilmədən belə, sevdim.
Riyaziyyatsız yaşamağın qeyri-mümkünlüyünə bələd olmadan sevdim.
Həndəsə, kimya dərədə-dağda, içdə-çöldə nə oyun çıxarmaq üçün lazım olardısa, mən lazım bilmədim... sadəcə, Onu sevirdim. Həm də onu sevmək üçün Tamara xanımı da lap çox sevirdim. Niyəsini sonra deyəcəm. Amma əvvəl Onu sevdim.
Əmək təlimini, bədən tərbiyəsini kasıb həyat tərzi özü öyrədirdi, özü zəhləmgetmişliyə aparıb çıxarırdı.
Amma O, özünü sevdirirdi. Amma mən Onu sevirdim.
Atamın və anamın, qohum-qardaşın hamısının əvəzinə Ondan soruşmaq olardı hər nəyi, hər şeyi.
Və mən Onu sevəndə... başa düşdüm ki, bu dünyada bütün fənləri-elmləri aparıb kəndimizdən on kilometr qərbə yuxarıdakı Talış dağlarının başından kəndimizdən üç kilometr şərqə aralıdakı Xəzər dənizinə... tullamaq olar.
Onu sevmək xoşbəxtlik idi və Onu sevməkdən doymaq mümkün deyildi!
Onu dinləmək ruh rahatlığı idi və onu eşitməkdən doymaq da mümkün deyildi!
Onunla danışmaq səadət idi və onunla danışmaqdan doymaq da mümkün deyildi!
Ona nə desən yaraşırdı - sevgi, səcdə, sayğı, qayğı, hörmət!
Hər şey Onun alicənablığına qurban verilməyə layiq idi!
Və... sakitcə... azından üç qızıl medallı - kimya-fizika-cəbr - müəllimlərin əlindən ovaxtkı APİ-ni qiyabi bitirmiş bu müəllim mənim müəllimim idi!
Mənim ədəbiyyat müəllimim.
Mənim hamıyla danışmaq, dilləşmək, sözləşmək müəllimim.
Ona görə coğrafiya müəllimimi - Tamara xanımı da çox istəyirdim. Coğrafiya fənni mənə dünyanın daha neçə ölkəsinin, dünyada daha neçə dilin olmasını bilmək üçün lazım idi... Ki, bilim: dünyada daha neçə Malikəjdər müəllim ola bilər. Dünyada daha neçə mənim kimi şagird var və yaxud təxmin edə bilərəm.
Onda uşaq vaxtı ən asan öyrənə bildiyimiz ədəbiyyat və dil olsa da, sonradan ən çətin olanı da öyrənə bildiyimdən, elə Malikəjdər müəllimə görə başa düşdüm ki, ən çətini elə... dildi!
Çox uzatmayacam: bir ölkədə ki və bir dünyada ki... iyirmi birinci əsrdə də bir-biriylə danışmağı, bir-birinin dilini anlamağı öyrənməyiblərsə, haqlı deyiləmmi?
Yaşasın dil-ədəbiyyat müəllimləri!
Ən azından ona görə ki:
tarixi... saxtalaşdırmaq olur;
fizikadan-kimyadan-riyaziyyatdan-həndəsədən insanlıq əleyhinə istifadə etmək olur; cəza vasitələri, faciə mənbələri yaratmaq olur... amma və lakin ədəbiyyat və dillə sevgi təbliğ olunur, insanlıq təntənəsi sərgilənir, bəşəri duyğular aşılanır.
Mən məhz Malikəjdər müəllimə görə... həmişə dili-ədəbiyyatı sevdim.
Sevdiyim üçün də həmişə istədim ki, bütün həyatım boyu mənim dil və ədəbiyyat müəllimim olsun!
Bütün millətə arzu edirəm: hər birinizin sevdiyi dil-ədəbiyyat olsun.
Onda bütün fənlərin müəllimləri sevimli olar!
Bir-birini anlayanlar bir-birini başa düşməyə, danışmağa dil də bilərlər.
Nə fəci ki, hələ nəinki bizlər, bütün bəşəriyyətin özünün təması şirin dilə köklənməyib.
Zor dili var, güc dili var, bomba dili var, pul dili var, paya dili var... ümumi dil tapa bilmirlər.
Ümid yenə dil və ədəbiyyat müəllimlərinədir.
Dil və ədəbiyyat müəllimlərini təbrik edirəm, qalanlarının bayramı mübarək olsun!
P.S.Qardaşım və böyük qızım ixtisasca tarixçidilər. Bayramları mübarək olsun. Balacası az sonra dil-ədəbiyyat müəllimi olasıdı. O biri müəllimlərimlə birgə təbrik edirəm.
OXŞAR XƏBƏRLƏR