Haydı, başqa qapıya!

Haydı, başqa qapıya!
KÖŞƏ
15:38 28.05.2014
2046

Azər Həsrət

Bəzən adam istəmədən öz dəyərli vaxtını buna layiq olmayanlara ayırmalı olur. Məcbursan çünki. Adətən mən belə halları boş verməyi bacarıram və çox zaman da buna nail oluram. Yəni insanların tərbiyəsini yoluna qoymaq mənim işim deyil və o üzdən də hər yoldan ötənə baş qoşmağı doğru saymıram. Fəlsəfəm budur çünki. Doğru bildiyimi edirəm və buna görə mümkün tənqidləri də, təqdirləri də sakitcə qarşılayıram. Tənqid - ədəb və əxlaq çərçivəsində - nə qədər çox olsa belə dözürəm, təmkinimi pozmuram. Təqdir isə olsa da, olmasa da buna nə kədərlənir, nə də həddən artıq sevinib küyə düşmürəm. İndi də belə bir durum ortaya çıxıb. Mayın 18-də efirə getmiş “Tərs bucaq” verilişində bir qrup fəalın Fransanın Azərbaycana səfər etmiş Prezidenti Fransua Oland tərəfindən qəbul edilməsini şərh etmişəm. Şərh də jurnalistikada sərbəst bir yanaşma sayıldığından buna görə kimisə topa tutmaq mümkün deyil. Əlbəttə, kimsə sənin şərhinlə razılaşmaya bilər, öz arqumentlərini əsaslandıraraq fərqli fikir səsləndirər. Yəni normaldır. Amma bu verilişdən sonra Facebook-da Yafez Akramoğlu adı altında təqdim olunan və elə doğrudan da həmin şəxs olan jurnalist Yafəz Əkrəmoğlu mənimlə öz əxlaqına uyğun bir mükaliməyə girişdi. Təbii, təmkinimi pozmadım, çalışdım sonadək buna ədəb dərsi keçim, amma anlaşıldı ki, bu adam islah olunacaq növdən deyilmiş. İndi sual oluna bilər ki, niyə özəl yazışmaları ictimailəşdirirəm. Çox sadə bir səbəbdən. Məsələ ondadır ki, bu adam həftə səkkiz, mən doqquz mediaya açıqlama verir ki, yaşadığı Naxçıvanda polis, hakimiyyət orqanları onu incidir. Guya hətta öldürülməklə hədələnir. Bir jurnalist kimi belə halın nəzəri olaraq mümkünlüyünü qəbul etdiyimdən düşünürdüm ki, adam vicdanlı birisidir və yəqin ki, barəsində bu cür təhdidlər mümkündür. Amma mənimlə indi təqdim edəcəyim əxlaq dışı mükaliməsindən sonra bu qənaətə gəldim ki, onu kimsə təhdid etmir. Sadəcə özü, el dilində desək, qaşınır. Bunun belə olduğuna aramızda keçən yazışmanı oxuyan hər kəs əmin olacaq. Qeyd edim ki, ana dilimizə sayğıma sonsuz sədaqətimi qoruyaraq onun yazdıqlarına burada xırda qrammatik dəyişikliklər etmişəm. Yəni məğzinə toxunmamışam. Buyurun, oxuyun və qərar verin: Yafez Akramoglu: Salam, Azər bəy. Baxdım sizin Fransa Prezidentinin gəlişi ilə bağlı hazırladığınız verilişə. Adamın mənliyi, kişiliyi olar... Bəsdir yal alıb yalan danışdığın. Azer Hasret: Salam verdin, deyirəm əleyküm salam! Və ardınca da deyirəm ki, tərbiyəli ol! Yafez Akramoglu: Tərbiyən olsa belə danışmazsan. Satılmış əclaf. Azer Hasret: Yafəz, sən artıq yetişmisən, deyəsən leylanın siyahısında özünə yer eləmək istəyirsən, özünə zəhmət vermə, əxlaqın olsun! Əgər nədənsə narazısansa adam dilində de, cavabını da adam kimi al! Elə bu küçə səviyyəsindəsiniz ki, hər gün sizdən daha artıq zəhləm gedir də! Yafez Akramoglu: Etibar səndən mərifətlidir. Hərçənd ki, özünü ona oxşatmaq istəyirsən. Azer Hasret: Yenə deyirəm, tərbiyəli ol! Etibar sizə nə edibsə və edirsə az belə edir! Hayıf ki, mənə imkan vermirlər, yoxsa onun etdiyinin 10 qatını edərdim! Çünki bu səviyyədə adamlara o da azdır! Yafez Akramoglu: Sən bir il öncə belə deyildin. Çıx, hamıya elan et ki niyə dəyişdin. Niyə satıldın? Azer Hasret: Əkrəmoğlu, bir daha deyirəm, tərbiyəli ol! Mən 1 yox, 10 il, 20 il öncə də beləydim! Amma sənin mənsub olduğun siyasi tayfa bu gün leyla kimilərin arxasınca sürünür! Elçibəy yolu gedənlərmiş də leyla yunusova kimilərin arxasınca sürünürlər. Yafez Akramoglu: O zaman o çuşka papağını başından çıxarma. Azer Hasret: İfadələrinə də diqqət et ki, sonra ayağıma düşüb yalvarmalı olmayasan! Bax, oğlum, sənə son dəfə xəbərdarlıq edirəm, tərbiyəli ol! Yafez Akramoglu: Bilmək olmaz kim kimin ayağına düşər. Azer Hasret: Biləcəksən, çox yaxında biləcəksən, heç narahat olma! Tərbiyən yoxsa, bu ölkədə səni tərbiyələndirəcək bir hüquqi sistem var! Yafez Akramoglu: Dediyim odur ki, olduğun kimi görün. Azer Hasret: Mən nə vaxt olduğum kimi görünmədim də sən mənə irad tutursan? Sən o kəslərdən qorx ki, özlərinə müxalifət deyib maaşı bu hakimiyyətdən alırlar! Yafez Akramoglu: Bunlar şayiədir. Amma sənin etdiyin göz qabağında. Azer Hasret: Hə, xəbərin olsun, bütün bu yazışmaların surətini sabah lazım olan yerə göndərirəm, görüm orda da belə əsib coşa biləcəksənmi? Bu, mənim mövqeyimdir! Xoşun gəlmir, get su iç! Sən kimsən ki, mənə irad tutursan? Yaxud səndən məsləhət istəyənmi oldu da özünü soxursan bura? Yafez Akramoglu: İstədiyin vaxt istədiyin hüquq sistemində görüşməyə hazıram. Azer Hasret: Yox əşi! Qorxduq lap səndən! Deyirəm, bu hakimiyyət sənin kimilərə nə edirsə, vallah az edir! Getdikcə mənim hakimiyyətə hörmətim artır! Sənin kimilər öz tərbiyəsizliyini ortaya qoyduqca mən də düz yolda olduğuma bir daha əmin oluram! Nə isə, sənə layiq olduğundan çox vaxt ayırdım, haydı, get işinin dalınca! Yafez Akramoglu: Həqiqəti deməyi tərbiyəsizlik sayırsansa, bir daha yazıqlar sənə. Azer Hasret: Budurmu sənin həqiqət dediyin: "Adamın mənliyi, kişiliyi olar... Bəsdir yal alıb yalan danışdığın"? Adam kimi deyəydin, mən də sənə nəyin nə olduğunu adam kimi izah edərdim! Yafez Akramoglu: Həqiqət acı olar. Göründüyü kimi, sona qədər əxlaq çərçivəsindən kənara çıxmasam da bu adam islah olunmadı. Bu da ondan xəbər verir ki, ikidə bir Naxçıvanda basqılara məruz qalması haqqında dedikləri yalandan başqa bir şey deyil. Təbii ki, bir şey baş verir də bu da açıqlamalarla çıxış edir. Amma sadəcə ona durub durduğu yerdə kimsənin sataşdığına inanmıram. Mənimlə yazışma tərzindən belə qənaətə gəlirəm ki, o özü qarşısına gələnə ilişir ki, təki onu söysünlər, döysünlər, nəsə etsinlər ki, bu da dünyaya car çəkib təhdid olunduğunu desin. Biz də bunun bu açıqlamalarına aldanaraq zaman-zaman Naxçıvan polislərini, məmurlarını tənqid edirdik ki, jurnalisti incidirlər. İndi anladım ki, bu adam özü polislərə, məmurlara ilişir, sataşır, bu cür tərbiyəsiz biri olduğu üçün hansısa polis, məmur bunun üstünə qışqıran kimi də dünyaya car çəkir ki, “ay aman, məni öldürdülər, qoymayın”. Bu davranışın adını da bilirəm, sadəcə yazımı əxlaqlı adamlar oxuyacağından burada o ifadəni işlətməyi uyğun görmürəm. Hə, bir də onu yazım ki, bu Yafəz “Azadlıq” radiosu üçün işləyir. O “Azadlıq” radiosu ki, ABŞ Konqresi tərəfindən 1949-cu ildə kommunizm əleyhinə təbliğat üçün qurulub, 1972-ci ilə qədər Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən maliyyələşdirilib, sonra isə bu prosesə Konqresin özü cəlb edilib. Yəni demək istədiyim odur ki, bu adam özü xarici dövlətin maliyyəsilə işləyən bir radioda Azərbaycanın dilbər guşəsi olan, öz qəhrəman oğul və qızları, mübariz, Vətənə, Dövlətə sadiq insanlarıyla tanınan Naxçıvan kimi bir bölgəmizi öz ağlınca yıxıb sürüməklə məşğuldur, mənim kimisini satılmaqda ittiham edir. Özü də kimə? Öz dövlətimə! İndi Allahın bu bədbəxtinə onun dilindən anlayan birisi izah etsin ki, insan öz dövləti üçün çalışırsa, buna satqınlıq demirlər, Vətənə sədaqət deyirlər. Satqınlıq xarici dövlətə işləməkdir ki, bunu da sən edirsən! Qaldı ki, hüquq sistemində bu adamla görüşməyə, bunu sözgəlişi dedim. Zatən daha önəmli işlərimiz var. Üstəlik də bunun kimilər elə bu cür bəhanələr axtarırlar ki, Azərbaycandakı “repressiv rejim”in basqılarına məruz qaldıqlarını iddia etsinlər. Mən sənə bu bəhanəni verən deyiləm, bala. Haydı, başqa qapıya!

OXŞAR XƏBƏRLƏR