Son günlər cəmiyyətdə, xüsusən də sosial şəbəkələrdə Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşmaların olacağı ilə bağlı iddialar səslənir. Bu iddiaların ortaya çıxdığı bir zamanda bölgədə fərqli hadisələr də cərəyan edir. Belə ki, Ermənistanın ABŞ ilə birgə sentyabrın 11-dən 20-nə kimi keçirməyi planlaşdırdığı "EAGLE PARTNER 2023” hərbi təlimləri Rusiya XİN-i tərəfindən sərt tənqid edilib. Bununla yanaşı Türkiyə Rusiya prezidentlərinin görüşündə Ərdoğanın Azərbaycanın bölgədəki narahatçılığını Putinə çatdırması, ehtiyatda olan zabitlərin təlimlərə çağırılması yeni müharibə iddialarını daha da gücləndirir.
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan politoloq Elxan Şahinoğlunun fikirlərinə görə, yeni hərbi toqquşma baş verərsə əsas məqsədlərdən biri separatçıların tərk-silah edilməsi olacaq:
![](https://azxeber.com/file/pic/xeber/2023-09/1694078375_elxan-sahinoglu.jpg)
"İkinci Qarabağ müharibəsinin nəticələrini unutduqlarına görə təxribatları genişləndirilər. Ancaq bu nəticə verməyəcək. Azərbaycan Ordusu güclənib, modern silahlara sahibdir. Bu mənada yeni toqquşma baş versə Qarabağın nəzarətini tam götürmək üçün addımlar atılacağını düşünürəm. Eyni zamanda separatçıların tərk-silah edilməsi də əsas məqsədlərdən biri olacaq".
Politoloq hesab edir ki, Ermənistanın ABŞ ilə birgə keçirəcəyi hərbi təlimlərin Azərbaycan üçün elə də bir əhəmiyyəti yoxdur:
"Qərb ölkələrinin Azərbaycana ehtiyacı var. Enerji resursları istiqamətində əməkdaşlıq mövcudur. Rusiyanın da Ermənistana ümidi tamam bitib. Ona görə də bu oyunlar, Ermənistanın özünə baha başa gələ bilər. Çünki bu dəfə biz artıq Qarabağla kifayətlənməyəcəyik. Qərbi Zəngəzurda da fəaliyyətimiz ola bilər. Amma görünən odur ki, bölgədə gərginlik artır. Hazırda sülhün əldə olunması üçün perspektiv yoxdur”.
Mövzu ilə bağlı AZXEBER.COM-a fikirlərini bildirən siyasi şərhçi Qabil Hüseynli ermənilərin hazırda müharibə əhval-ruhiyyəsində olduqlarını deyib. Onun fikrincə, buna səbəb Ermənistanın müxtəlif ölkələrdən yeni silah tədarükü etməsidir:
![](https://azxeber.com/file/pic/xeber/2023-09/1694078374_2021_01_15_225379_15.1.2021.5.jpg)
"Qarabağın dağlıq hissəsindəki ermənilər Azərbaycan tabe olmaq istəmir. Azərbaycandan gələn humanitar yardım maşınlarını belə əraziyə buraxmırlar. Azərbaycan da öz suverən ərazilərində nəzarəti təmin etmək üçün antiterror xarakterli əməliyyatlar keçirə bilər. Bunun əsas səbəbindən biri də bölgədəki erməni silahlı qüvvələrinin sayının 12 minə çatmasıdır. Nə söz verdikləri kimi koputilyasiya aktından sonra silahlı qüvvələri ərazilərimizdən çıxarıldı, nə də ki, Qarabağın dağlıq hissəsindəki ermənilərin Azərbaycana rentiqrasiyanı həyata keçirilməsinə imkan verildi".
Q.Hüseynli Qarabağdakı ermənilərin bilərəkdən qızışdırıldığını, onların Azərbaycanla müharibəyə təhrik edildiklərini bildirib:
"Buna görə Azərbaycan da müəyyən tədbirlər görür, orduya "hazır ol” əmri verib. Çalışılacaq ki, ulitimatum yolu ilə onları kompromisə meyilləndirsinlər. Bu alınmasa real müharibə başlaya bilər. ABŞ-la keçiriləcək təlim isə böyük təlim deyil, qısa miqyaslıdır. Ancaq ABŞ bununla Ermənistanı müdafiə etdiyini göstərir. Həm də onu Rusiyanın təsirindən uzaqlaşdıraraq, NATO blokuna cəlb etməyə çalışır. Bu oyun da Ermənistan üçün ağır nəticələnə bilər”.
Şəbnəm Zahir