Qaydasız döyüş üzrə Rusiya çempionu, Avropa mükafatçısı, Qarabağ müharibəsi veteranı Azad Məmmədov həbsxanada aclıq aksiyası keçirməyə başlayıb.
Bu barədə AZXEBER.COM-a keçmiş idmançının yaxınları məlumat verib. Onların sözlərinə görə, A.Məmmədovun həbsxanada aclıq aksiyası keçirməsinə səbəb onunla bağlı çıxardılan qərarın haqsız olmasını iddia etməsidir. O işə yenidən baxılmasını tələb edir.
Qeyd edək ki, keçmiş idmançı 2009-cu ildə həbs edilmişdi. Məlumata görə, Şəki şəhər Polis Şöbəsinin əməkdaşları A. Məmmədovun Qoxmuq kəndində yerləşən evində apardıqları axtarışlar nəticəsində evdən bir ədəd "Vinçester” tipli silah, bir ədəd "Tir” tüfəngi və qaz tapançası aşkar edilərək götürülmüşdü.
Xatırladaq ki, A. Məmmədov 1999-cu ildə Rusiyada keçirilmiş qaydasız döyüş üzrə Avropa çempionatının gümüş medalçısı olub.
