"Hədəfim olimpiya çempionu olmaqdır" - Ramil Quliyev

"Hədəfim olimpiya çempionu olmaqdır" - Ramil Quliyev
İDMAN
14:47 29.03.2019
4441
Türkiyəni təmsil edən azərbaycanlı idmançı, yüngül atletika üzrə dünya və Avropa çempionu Ramil Quliyev Anadolu Ajansı"na müsahibə verib.

O, əsas hədəfinin olimpiya çempionluğu olduğunu qeyd edib:

"İnşallah, bu il yaxşı keçər. Təbii ki, bütün hazırlıqlarımı 2020-ci ildə keçiriləcək Tokio olimpiadası üçün edirəm. Ən böyük hədəfim olimpiya oyunlarında qızıl medal qazanmaqdır. Buna inanıram və bunu bacarmağı çox istəyirəm. Dünya və Avropa çempionluqlarından sonra olimpiya çempionu olaraq üçlüyü tamamlamaq istəyirəm".

Rəqiblərindən daha yaxşı vəziyyətdə olduğunu düşünən Ramil Quliyev "Bu, mənim deyil, rəqiblərimin üzərində təzyiq yaradır. Mənim üçün üstünlükdür. Rəqiblərimdən bir az öndə olduğumu düşünürəm. Dünya çempionatında daha rahat yarışacağam. Qızıl medala rəqiblərimdən bir az daha yaxınam. Yenidən çempion olmaq üçün çalışıram" deyə fikir bildirib.

28 yaşlı idmançı ciddi zədə yaşamasa, daha 8 il karyerasını davam etdirə biləcəyini deyib:

"Tokio-2020 son olimpiadam olmayacaq. Karyeramı davam etdirəcəyəm. 2020-ci ildən sonra bir olimpiada da görəcəyimə inanıram. Ciddi bir zədəm olmasa, ən azı 8 il yarışlarda olacağımı düşünürəm".

Ramil Quliyev idmançı karyerasını bitirdikdən sonra məktəblilərin təhsil və idman həyatlarını bir yerdə davam edə biləcəyi mərkəz yaratmaq istədiyini bildirib:

"Azərbaycanın paytaxtı Bakıda Olimpiya İdman Liseyində oxumuşam. Bütün idman növləri var idi. Həm idman, həm də təhsil bir yerdə idi, hər şey iç-içə idi. İdmanla təhsilin bir yerdə olmağı çox vacibdir. Belə olduqda idmançılar istedadlarını göstərərək, uğura nail ola bilərlər. Türkiyədə belə bir idman mərkəzi açmağı düşünürəm. Qalıcı bir şey buraxmaq istəyirəm".
 
///Milli.Az
OXŞAR XƏBƏRLƏR