İranda sosial-iqtisadi böhran və siyasi basqılar fonunda başlayan aksiyalar ölkənin bir sıra şəhərlərinə yayılıb, hakimiyyət isə etirazları güc yolu ilə susdurmağa çalışır. etirazlar zamanı təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi nəticəsində ölənlər də var.
ABŞ Prezidenti Donald Tramp İranda etirazlar zamanı öldürülənlərin sayı ilə bağlı açıqlama verib. O bildirib ki, hazırda dəqiq rəqəmlər mövcud deyil və müxtəlif, əksəriyyəti yüksək olan göstəricilər səsləndirilir. "Heç kim mənə dəqiq rəqəm deyə bilməz. Həm daha aşağı, həm də daha yüksək rəqəmlər eşitmişəm. Bir nəfər belə çoxdur. Bunu yaxın 24 saat ərzində öyrənəcəyik”, - deyə Tramp vurğulayıb.

Konfliktoloq Elman Vəliyev AZXEBER.COM-a açıqlamasında deyib ki, İranda baş verən hadisələrin təsadüfi deyil:
"İranda baş verən hadisələrin təsadüfi olmadığı artıq hər kəsə məlumdur. Bu proseslər Amerika və İsrailin strateji planlamasının tərkib hissəsi kimi qiymətləndirilir. Lakin qaranlıq qalan əsas məqam ondan ibarətdir ki, əgər ABŞ İran rejimini dəyişmək istəyirsə, bəs nə üçün 1979-cu ildə məhz bu rejimin formalaşmasına şərait yaratdı? Görünən odur ki, hadisələr əvvəlki ssenarilərdən fərqli bir məcrada inkişaf edir”.
O vurğulayıb ki, Amerika dünyada təkqütblü nizam uğrunda mübarizə aparır:
"ABŞ dünyada təkqütblü nizam uğrunda ardıcıl addımlar atır və özünü qlobal miqyasda yeganə tənzimləyici güc kimi təqdim etməyə çalışır. Bu strategiyanın oxşar nümunələri daha əvvəl Venesuelada da müşahidə olunub. İndi isə diqqət İrana yönəlib. Həm Venesuela, həm də İran zəngin neft ehtiyatlarına malikdir. Bu məntiqi xətt üzrə yanaşsaq, belə bir nəticəyə gəlmək olar ki, ABŞ dünyada əsas enerji mənbələrini nəzarətə götürməklə qlobal dominantlığını möhkəmləndirməyə çalışır. Mənim fikrimcə, əgər belə bir plan mövcuddursa, bu, strateji baxımdan kifayət qədər məntiqli yanaşmadır”.
Konfliktoloq deyib ki, İran ABŞ üçün mühüm fiqurdur:
"İran ABŞ üçün mühüm fiqurdur və onu tamamilə məhv etmək niyyətində deyil. Məqsəd daha çox mövcud sistem daxilində müəyyən dəyişikliklərə nail olmaqdır. İsrailin isə "regional genişlənmə naminə bütün vasitələr mübahdır” prinsipi ilə hərəkət etdiyi açıq şəkildə görünür”.
Şahanə Ziyad








































