‘Həmin azarkeşlər rəqibi dəstəkləyəcək’

İDMAN
11:12 09.04.2012
1247

AZXEBER.COM-un AFFA-ya istinadən verdiyi məlumata görə, ötən gün Tümen şəhərindəki Mərkəzi İdman Kompleksində futzal üzrə Azərbaycan millisinin başməşqçisi Joze Alesio Da Silva və komandanın üzvü Vitali Borisovun iştirakı ilə mətbuat konfransı keçirilib.Səsləndirilən fikirləri diqqətinizə çatdırırıq:

Joze Alesio Da Silva:“Sabahkı oyun hər 2 komanda üçün ciddi sınaq olacaq. Bakıdakı qarşılaşmada komandalar bir-birinə qarşı necə oynamağı yoxladılar. Zənnimcə, cavab görüşü daha maraqlı olacaq.

İlk oyunda komandamızın çıxışından razı qaldım. Çünki biz çox güclü rəqibə, Avropanın vitse-çempionuna qarşı oynadıq. Fikrimcə, hazırda Rusiya yığması təkcə Avropanın yox, dünyanında ən güclü komandalarındandır. Ancaq təbiiki, nəticədən razı qala bilmərəm. Çünki Bakıda lazımi nəticə qazana bilmədik. Evdə güclü azarkeş dəstəyi olsa da, uduzduq. Sabah həmin məğlubiyyətin revanşını almağa çalışacağıq. Buna nə dərəcədə nail olmağımızı isə oyun göstərəcək. Hər halda, biz bura qələbə qazanmaq üçün gəlmişik. Ümid edirəm ki, həm yaxşı oyuna, həm də nəticəyə nail olacağıq”.

Vitali Borisov:“Buradakı zal, meydança çox gözəldir. Parketdə top tez hərəkət edir. Mən Rusiya çempionatının oyunlarını izləyirəm. Görmüşəm ki, buranın yaxşı azarkeşləri var, onlar zalı doldururlar. İstərdim ki, sabah da belə olsun. Düzdür, həmin azarkeşlər rəqibi dəstəkləyəcək, ancaq istənilən oyunçu dolu tribunalar qarşısında oynamaqdan məmnun qalır. Hansı taktika ilə oynayacağımıza gəlincə, əslində bu, mənə yox, baş məşqçimizə aid məsələdir. Ancaq çətin ki, o da buna dəqiq cavab verərək, hər şeyi açıqlasın. Sabahkı oyun hər şeyi göstərəcək”.

OXŞAR XƏBƏRLƏR