Xaricdə yaşayan bir sıra bloggerlərin ölkəmiz əleyhinə yalan və yanlış məlumatlar yayması ictimaiyyət arasında çaşqınlıq yaradır. Məsələn, son günlər sosial mediada "Made in Azerbaijan” səhifəsində Məhəmməd Mirzəli tərəfindən deputatların adından əsassız və yalan məlumatların yayılması müşahidə olunur. Bu cür hərəkətlər həm ictimaiyyət arasında çaşqınlıq yaradır, həm də rəsmi şəxslərin nüfuzuna xələl gətirir.
Artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən Xaricdə mühacir kimi yerləşərək, Azərbaycana qarşı informasiya savaşı aparan və milli dəyərlərə düşünülmüş surətdə hücum edən blogerlərlə bağlı müvafiq addımlar atılır. Bildirilib ki, həmin şəxslərin ölkəyə gətirilməsi üçün Avropanın hüquq sisteminə uyğun prosedurlar hazırlanır.
Milli Məclisin deputatı Vüqar İskəndərov AZXEBER.COM-a açıqlamasında bildirib ki, tanınmış şəxslərin adından saxta məlumat yaymaq yolverilməzdir:
"Sözügedən halların hamısı qəbuledilməzdir. Bəzi insanlar öz təxəyyüllərini və ya şəxsi problemlərini əsas götürərək yalan, şişirdilmiş məlumatları başqalarına ötürürlər. Bunun nəticəsində bəzən insanlar hadisələri düzgün anlamır və səhv fikir formalaşdırırlar. Siyasi prosesləri bilən insanlar isə bunun dezinformasiya olduğunu anlayır”.
Deputat deyib ki, təəssüf ki, hələ də belə səhifələr və internetdə yanlış məlumatlar mövcuddur:
"Həmin şəxslər ölkəmizin uğurlarını, Ali Baş Komandanın həm daxili, həm də xarici siyasətdəki nailiyyətlərini gözləri götürmür. Ona görə də bütün bu məsələlərə kölgə salmağa çalışırlar. Amma bütün bunlar Azərbaycanın inkişaf yoluna təsir edə bilməz”.
Parlamentari qeyd edib ki, Azərbaycan qürurla və sürətlə inkişaf edir:
"Azərbaycan qürurla və sürətlə inkişaf edir. Artıq ölkəmiz qlobal səviyyədə önəmli aktorlardan biridir. Dövlətimizin uğurlu siyasəti, iqtisadi, siyasi, hərbi və digər sahələrdəki nəticələri Azərbaycanı sevən hər kəsi qürurlandırır və belə dezinformasiyalar dövlətimizə heç bir təsir göstərə bilməz”.
Şahanə Ziyad










































