"Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir"

"Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir"
SİYASƏT
10:48 22.04.2022
767
Qədim  və zəngin  mədəniyyətə malik olan Azərbaycan xalqı dünya sivilizasiyasına bir çox dəyərli  töhfələr vermişdir. Onların ilk nümunələri  bəşər tarixinin böyük kəşfi olan saz vasitəsilə Qobustan və Gəmiqaya təsvirləri,  həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq günümüzədək yaşamışdır.  Bu əsərləri yaradarkən xalqımız müxtəlif zamanlarda müxtəlif əlifbalardan istifadə etmişlər. Ərəb əlifbası yüz illər boyu müsəlman  Şərqinin ümumi  yazı sistemi kimi formalaşdığından Azərbaycan ədibləri,  alimləri,  səyyahları,  şairləri bu əlifbadan  istifadə etmişdir.
Dil bəşər tarixinin, insan dühasının ecazkar və  hikmətli kəşflərindəndir. Milyon illər əvvəl insanın mağaralardan çıxaraq yavaş-yavaş inkişaf  edib bugünkü mədəniyyət  zirvələrinə gəlib çatmasında dilin rolu böyükdür. Yer üzündə insanın mədəniyyət yoluna qədəm qoyması əməklə və ilk sözü tapması ilə,  danışması ilə başlayır. İnsanlar danışdıqları  gündən bir-birini daha tez və rahat anlamaq,  daha iti və aydın düşünmək yolunu  tapıblar, əməkləri daha  səmərəli olub,  daha yaxşı işləməyə başlayıblar.
Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan bayraq, gerb, himn kimi müqəddəsdir. Ana dilini hifz etmədən, onun inkişafı, zənginləşməsi üçün zəruri tədbirlər həyata keçirmədən xalqın milli özünəməxsusluğunu, milli ruhunu qorumaq mümkün deyildir. Ulu öndər Heydər Əliyevin ana dilimizin qorunub-mühafizə olunmasında müstəsna xidmətləri olmuşdur.
Ulu Öndər  1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” təşəbbüsü ilə çıxış edir. Bu tarixi təşəbbüs 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi ümummilli lider Heydər Əliyevin xalq qarşısında ən böyük xidmətlərindən biri kimi tarixə yazılır. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”- deyən Ulu öndər Heydər Əliyev Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirirdir.
Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan dilinin qorunması istiqamətində verdiyi sərəncamlarla dilimizin və mədəniyyətimizin hər zaman keşiyində dayandığını Azərbaycan xalqına və dünya azərbaycanlılarına nümayiş etdirmişdir.
Azərbaycan vətəndaşı olaraq bizim də ümdə vəzifəmiz dilimizə hörmətlə, ehtiramla yanaşmaq, ona olan xalq sevgisini, inamını doğrultmaqdır. Məqsədimiz, amalımız böyüməkdə olan vətən övladlarını milli ruhda tərbiyə etmək, vətənin qeyrətli vətəndaşı kimi yetişdirməkdir. Unutmaq olmaz ki, dilin qoruyucusu və daşıyıcısı bütün xalqdır. Məhz buna görə də dərin tarixi köklərə malik olan ana dilimizin saflığını qorumaq, onu sevmək və sevdirmək hər bir Azərbaycan vətəndaşının borcudur.
Naftalan şəhər sakini   Rəna Dəmirova

OXŞAR XƏBƏRLƏR