"Hər gün 7.45-də taksiyə minib qaçırdı ki, MTN-də iclasa gecikirəm…"

"Hər gün 7.45-də taksiyə minib qaçırdı ki, MTN-də iclasa gecikirəm…"
SOSİAL
17:08 02.05.2017
883

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Məhkəmə iclasında ötən prosesdə ifadə verən zərərçəkmiş Afət Hüseynova tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Aygün Akimova özünü yüksək vəzifəli şəxslərin qohumu kimi təqdim edərək onun etibarını qazanıb: "MTN-də işlədiyini deyirdi, general Akif Çovdarovun adını çəkirdi. Hər gün saat 7:45-də taksiyə minib qaçırdı ki, saat 8-də nazirlikdə iclasda olmalıyam". 

Təqsirləndirilən Aygün Akimovanın vəkili zərərçəkmişdən bu işlə bağlı MTN-ə müraciət edib-etmədiyi soruşub. A.Hüseynova müraciət etdiyini deyib. Əlavə olaraq Aygün Akimovanın onu Neft Akademiyasının yanına apararaq 2 milyon 200 min manat dəyəri olan obyekt göstərdiyini, oradakıların hamısının MTN əməkdaşları olduqlarını deyib: "Dedi ki, 2 milyon 200 minə obyekt  alıram. Sənin də nə qədər pulun varsa, gətir. Mən də axırıncı 186 minimi aparıb verdim. Rəşid Behbudov küçəsindəki evimi də öz adına almışdı. Sonradan üstü açıldı. Mən Aygünün soyadını Əliyeva bilirdim. Amma evin sənədlərinə baxanda gördüm ki, Akimova yazılıb. Deyirdi ki, onların 2-3 şəxsiyyət vəsiqəsi var. Onu bir dəfə MTN-dən çıxanda maşınla da götürmüşəm. Bu da məni inandırırdı".

Təqsirləndirilən Aygün Akimova isə çıxışında zərərçəkmiş Afət Hüseynovanın yalan danışdığını deyib: "Afət deyirdi ki, əri Zakir onu hədələyir. Ərinin içki düşkünü olduğunu deyib məndən kömək istəyirdi. Ev mənim evim idi. Afət deyirdi ki, yoldaşının anası Zakir Qaralovun adamıdır. Mənə qarşı dedikləri də yalandır".

Digər zərəçəkmiş Natəvan Şahverdiyeva da məhkəmədə ifadə verib. "Binəqədidə məcburi köçkünlər üçün tikilən binadan 4 ev almaq üçün ona bir ev üçün 15-18 min manat verdim. Bütün qızıllarımı, pullarımı ona verdim".

Aygün Akimova və İlham Baxışov Cinayət məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda olduqda) və 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

 

İttihama görə, Aygün Akimovanın 6 nəfərə qarşı dələduzluq edib. Onlardan ən çox zərərçəkəni isə Afət Hüseynovadır.

İttiham aktında yazılır ki, Aygün Akimova mağaza sahibi olan Afət Hüseynova ilə yaxın münasibət qurduqdan sonra ona qarşı dələduzluq edib. İlham Baxışov isə Aygün Akimova ilə bir neçə epizod üzrə dələduzluq əməllərində iştirak edib.

İstintaq sənədlərinə görə, Afət Hüseynovanın 1 milyon 750 min manat, Sona Əliyevanın 5 min manat, Kamil Abbasovun 2400 manat, Natavan Şahverdiyevanın 35 min manat, Rita Həsənzadənin 28 min 500 dollar, Elçin Axundzadənin isə 39 min manat pulu ələ keçirilib.


///musavat.com

OXŞAR XƏBƏRLƏR