Hündür daban ayaqqabılar bir çox qadın üçün gündəlik geyimin, iş stilinin və xüsusi günlərin ayrılmaz hissəsinə çevrilib. Daha uzun və zərif görünüş yaratdığı üçün üstünlük verilən bu ayaqqabılar rahatlıq baxımından isə orqanizm üçün əlavə yük yarada bilər. Xüsusilə hündürdaban ayaqqabıların uzun müddət və tez-tez geyinilməsi ayaq, topuq, diz və digər dayaq-hərəkət sistemi problemləri ilə əlaqələndirilir.
AZXEBER.COM xəbər verir ki, elmi araşdırmalarda hündürdaban ayaqqabı geyinilməsi ilə ayaq baş barmağının içəriyə doğru əyilməsi, dayaq-hərəkət ağrıları və zədələnmələr arasında əlaqə müəyyən edilib. Sistematik icmallardan birində hündürdaban ayaqqabıların sağlamlığa təsiri ilə bağlı araşdırmalar təhlil olunub və xüsusilə ayaq deformasiyası, ağrı və zədə riskinin artdığı göstərilib.
Ayaqlara düşən yük artır
Hündür daban ayaqqabı geyinildikdə ayağın təbii vəziyyəti dəyişir. Bədən çəkisinin ayağın ön hissəsinə daha çox yönəlməsi nəticəsində barmaqlara və ayaq altına əlavə təzyiq düşə bilər.
Bu vəziyyət uzun müddət davam etdikdə ayaq ağrısı, yorğunluq və narahatlıq yarana bilər. Araşdırmalarda hündürdaban ayaqqabı geyinilməsi ilə dayaq-hərəkət sistemi ağrıları arasında əlaqə də müəyyən edilib.
Baş barmaqda deformasiya yarana bilər
Hündürdaban ayaqqabılarda xüsusilə burun hissəsinin dar olması barmaqların bir-birinə sıxılmasına səbəb olur. Bunun nəticəsində ayağın baş barmağının digər barmağa doğru əyilməsi ilə xarakterizə olunan hallux valgus yarana və ya mövcud problem ağırlaşa bilər.
Topuq burxulması və yıxılma riski artır
Hündür daban ayaqqabının ən nəzərəçarpan problemlərindən biri ayağın və topuğun sabitliyinin azalmasıdır.
Daban yüksəldikcə ayağın yerə təmas forması dəyişir və xüsusilə qeyri-bərabər səthlərdə tarazlığı qorumaq çətinləşə bilər. Bu isə topuğun burxulması və digər zədələnmələr üçün risk yaradır.
Dizlərə də təsir edir
Məsələ yalnız ayaqlarla bitmir. Hündür daban ayaqqabı bədənin yerimə mexanikasını dəyişdirdiyi üçün diz oynaqlarına düşən yük də arta bilər.
Bel və bədən duruşu dəyişə bilər
Daban nə qədər yüksəkdirsə, risk də bir o qədər artır?
Burada məsələyə bir qədər ehtiyatlı yanaşmaq lazımdır. "Bu hündürlükdən yuxarı ayaqqabı mütləq zərərlidir” demək elmi baxımdan düzgün olmaz.
Araşdırmalarda dabanın hündürlüyü, ayaqqabının burun hissəsi, dabanın eni və geyinmə müddətinin hamısının əhəmiyyət daşıdığı göstərilir. Bir sistematik icmalda daha geniş daban əsasının yerimə zamanı sabitliyi yaxşılaşdırdığı və topuq zədəsi riskini azaltmağa kömək etdiyi, təxminən 3,76–4,47 sm aralığının isə bəzi qısamüddətli tədqiqatlarda daha münasib hesab edildiyi qeyd olunub. Lakin müəlliflər bu nəticələrin uzunmüddətli sağlamlıq baxımından qəti tövsiyə kimi qəbul edilməməli olduğunu vurğulayıblar.
Fəridə Əsədzadə











































