İstirahət mövsümündə vətəndaşlar ölkədəki turizm qiymətlərinin baha olmasından şikayətlənir.
Bəs bölgələrdəki turizm qiymətlərinin baha olmasının səbəbi nədir?
Bununla bağlı Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlama verib.
O bildirib ki, qiymətlərin baha olması özbaşınalıqla əlaqəlidir:
"Qiymətlərin baha olması müxtəlif səbəblərdan ola bilər. İnfrastruktur çatışmamazlığı, yol-nəqliyyat problemləri bura daxildir. Lakin ölkədə bütün ərazilərə normal yollar çəkilib. Bizdə qiymətlərin baha olması özbaşınalıqla əlaqəlidir. Hər kəs öz sahəsində bacardığı qədər vətəndaşı soymağa çalışır. Ola bilsin ki, istirahət müəssələri hansısa qurumlara qeyri-rəsmi ödəniş edirlər. Bunun xərcini vətəndaşdan çıxarmağa çalışırlar. Heç bir istirahət mərkəzi artıq vəsait qoya bilməz. Çünki cəlbedicilik az olar, insanlar burda istirahət etməkdən uzaqlaşa bilərlər”.
Fazil Mustafanın sözlərinə görə görünür obyektiv və subyektiv səbəblər var ki, turizm sektorunda qiymətlərin baha olmasını açıqlamaqda çətinlik çəkirlər:
"Qiymətləri yüksək səviyyədə tutub vətəndaşlara bu qədər sıxıntı yaşadırlar. Hər halda bununla bağlı tədqiqat aparıb, səbəblər öyrənilməlidir. Çünki belə fürsətçilik imkan vermir ki, insanlar istirahət mərkəzlərində dincəlsinlər”.
Deputat qeyd edib ki, reklamlar da təklif olunan səviyyədə olmur:
"Bunun da əziyyətini insanlar çəkir. İnandırıcı, həqiqətə uyğun reklamlar olmalıdır. İstirahət mərkəzlərində bu natamamlıqlar üzə çıxanda heç kim cəzalandırılmır. Qiymətlərin baha olmasına irad bildirməyib, özəl sektor olduğunu deyirlər. Özəl sektorun özünün də elə sıxıntıları var ki, məcbur olub yüksək qiymət təyin edir”.
Şəbnəm Zahir