Hacıbəy Heydərli,
AZXEBER.COM saytının baş redaktoru
Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun rəhbər şəxslərinin yeni videosu yayılıb.
AZXEBER.COM saytının baş redaktoru
Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun rəhbər şəxslərinin yeni videosu yayılıb.
Heç kimin gözləmədiyi anda Azərbaycanı tərk edən və ABŞ-a sığınan Cəmil Həsənli hökümətlə dialoqa gedən siyasi partiyaları "tryapka"ya bənzədib.
Cəmil Həsənli bığ saxlamaqla özünü intellegent, mədəni göstərmək istəsə də danışığında istifadə etdiyi bu söz əsl mahiyyətini ortaya qoymuş oldu.
Özünə hörmət edən adam, xüsusən siyası iddası olan şəxs bu sözü dilinə gətirməz. Ancaq görünən odur ki, professor üçün bu söz normal danışıq ritorikasıdır və özünə ən yaxın şəxslərin yanında "tryapka" sözünü işlədir. Amma bir şey də var ki, bu adamların söhbətləri elə "tryapka" səviyyəsindədir və yerdə sürünür.
Onu da unutmamaq lazımdır ki, hökümətlə dialoqa gedən siyasi partiyalar, siyasi liderlər uzun illər məhz Cəmil Həsənli, Əli Kərimli kimi insanların yanında olub və bu şəxslərə görə məhrumiyyətlər yaşayıb. Bağda ərik bitdiyinə görə Cəmil Həsənli indi onları heç ayaqqabı silməyə də layiq görmür. Özünə demokratik qüvvələrin rəhbəri deyən bu şəxslərin "zoom" söhbətləri onların nə qədər antimilli, dövlətə düşmən kəsilən və hikkə dolu olduqlarını bir daha göstərdi.
Sosial şəbəkələri özlərinə yuva bilən bu adamlar və onların "trolları" uzun illərdir ki, hər kəsi "fake" profillərlə təhqir edirlər, aşağılayırlar. Azərbaycan dövlətini və hakimiyyətini müdafiə edən hər kəs ən ağır söyüşlərə, təhqirlərə məruz qalır. Bu adamlar isə özlərini mələk kimi göstərir və hər dəfə deyirlər ki, o adamları tanımırıq, dəstəkləmirik.
Ancaq pandemiya zamanı məşhurlaşan "zoom" bu şəxslərin simasını cıra bildi. Bütün dünyanın maska taxdığı bir dövrdə, bizim anti-milli qüvvələrin maskası cırıldı.
Milli Şuranın "zoom" danışığında daha bir maraqlı məqam isə AXCP sədri Əli Kərimli ilə bağlıdır. Neçə aydır ki, "evdə internetim yoxdur, blokadadayam" deyən Əli Kərimli də kofesi ilə "zoom" konfranslarında görünür. Burada ortaya bir sual çıxır: Görəsən, Əli Kərimli "zoom"a necə daxil olur? Bütün dünyanın koronavirusun vaksinini axtardığı bir dönəmdə deyəsən Əli bəy "zoom"a internetsiz girməyin yolunu tapıb. Əgər AXCP sədrinin belə bir icadı varsa, bunu bütün dünyaya açıqlasın, heç olmasa bununla nə qədər adamı meqabayt bəlasından qurtarmış olar.
"Zoom"larda daha bir diqqətçəkən məqam isə Gültəkin Hacıbəylinin həddindən artıq şən və zarafatcıl olmasıdır. Görəsən, Gültəkin xanımı bu qədər xoşbəxt edən nədir? Bəlkə də özünün dediyi və inandığı "payızda hakimiyyətə gəlirik" fikri onu bu duruma salıb. Ancaq hakimiyyətə "zoom"la gəlmirlər, Gültəkin xanım! Siz son videokonfransda öz aləminizdə bakılıları təhqir etdiyinizi düşünüb, çox "məzəli" bir lətifə də danışdığınızı zənn edirsiz. Ancaq heç olmasa o lətifənizə sosial şəbəkələrdə gələn rəylərə baxın, görün xalq sizə nələr yazır.
Kimsə "inək"lə "buğa"nı ayırd etməyə bilər, burada qəbahət bir şey yoxdur. Çünki hamı sizin qədər tövlədən başı çıxmaya bilər, bu normal bir haldır. "İnəyin əri" ifadəsinin altında nə durduğunu psixoloqlar daha yaxşı ifadə edə bilər, sadəcə əmin olun ki, "payızda hakimiyyətə gəlirəm" zarafatı daha gülməlidir, nəinki inəyin əri...
Son olaraq isə onu deyim ki, bu konfranslar bir daha Azərbaycan xalqının ağı qaradan ayırd edə bildiyini göstərdi. Milli Şura üzvləri bir şeyi bilməlidir ki, bu cür ritorikaları davam etsə, yaxınlarda elə "zoom"dakı qədər qalacaqlar. Onsuzda şurada "yarpaq tökümü" payız gəlmədən başlayıb.