Son zamanlar gənclər arasında narkotik vasitələrdən istifadənin artması haqda müzakirələr gedir. Hətta sosial şəbəkələrdə də "patı”, "şüşə” və s. kimi narkotik vasitələrin satışına rast gəlinir.
Mütəxəssislər vəziyyətin bu yerə gəlməsi səbəbilə həyəcan təbili çalır.
AZXEBER.COM-a açıqlama verən Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva bildirib ki, "hər şey bir dəfə ilə heç nə olmaz” fikrindən sonra başlayır:
"Gənclər arasında narkotiklərdən istifadənin artması bekarçılıqdan yaranır. Çünki heç bir işlə məşğul olmayan, bütün günü vaxtını boş keçirən şəxslərdə narkotik vasitələrə, alkollu içkilərə maraq yaranır. Bu işlə məşğul olan şəxslər uşaqları, gəncləri "tora” sala bilir. "Bir dəfə ilə heç nə olmaz, bunun bir dəfə dadına baxım" deyirlər. Bundan sonra isə asılılıq yaranır. Daha sonra həmin gənc öz ətrafını dəyişməyə başlayır, özünə yeni dostlar, yeni mühit seçməyə başlayır. Valideynlərə qarşı münasibətləri dəyişir. Özünəqapanma yaranır. Hətta onlar yayın isti vaxtlarında belə uzunqol köynəklər geyinməyə başlayırlar, çünki qollarındakı izləri gizlətməyə çalışırlar”.

Zeynəb Balakişiyeva bu vəziyyətin qarşısının alınması üçün təkliflərini də bildirib:
"Uşaqların, gənclərin vaxtlarını boş keçirməsinə mane olmaq, onları daha faydalı işlərlə məşğul olmağa yönləndirmək lazımdır. İdman, yaradıcılıq, rəqs kimi məşğuliyyətlərin artırılması zərərli vərdişlərin qarşısının alınmasında mühüm tədbirlərdən biridir. Bu işdə hər bir valideyn öz üzərinə düşən məsuliyyətli vəzifəni yerinə yetirməlidir”.
Aydın Nuri
Aydın Nuri