“Ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə edilirdi”.
Hesablama Palatasının növbəti Kollegiya iclasında “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumat Hesablama Palatasının rəsmi saytında dərc edilib.
Məlumata görə, “Aqrolizinq” ASC tərəfindən dövlət əmlakından və ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə, büdcə öhdəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntularına yol verilib.
Bu, nəzərə alınaraq, nəzarət tədbiri üzrə yoxlama materiallarının Baş Prokurorluğuna göndərilməsi və nəzarət tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi qərara alınıb.
Kollegiyada, həmçinin bir sıra cari məsələlər də müzakirə olunub, müvafiq tapşırıqlar verilib.