Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ölkədən kənarda da qeyd edilir. Belə ki, Azərbaycanın Aktaudakı baş konsulluğu Mangistau vilayəti üzrə “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzilə birgə RENEISSANSE-Aktau hotelində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı mərasim keçirib. Tədbirdə diasporumuzun üzvləri, Aktauda təhsil alan azərbaycanlı tələbələr, şəhər ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. Tədbirdə Heydər Əliyevin haqqında nəşr olunan kitablar və fotosərgi nümayiş etdirilib.
Azərbaycanın Londondakı səfirliyində də Heydər Əliyevin doğum günü qeyd edilib. Tədbirdə Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan diasporasının və təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin səfirlikdəki büstünün önünə əklil qoyublar. Mərasimdə Heydər Əliyevin həyat yolundan bəhs edən film göstərilib. Londonda yaşayan gənc azərbaycanlı musiqiçilər Nəzrin Rəşidova və Ayan Salahovanın ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Qeyd edək ki, sabah da Türkiyədə Heydər Əliyevin anım günü qeyd ediləcək. Bunun üçün Milli Məclisin deputatları Musa Quliyev, Məlahət İbrahimqızı, Flora Qasımova və Azay Quliyev mayın 9-da Türkiyənin İstanbul şəhərinə gedəcəklər.
Baxçaşehir Universitetində keçiriləcək tədbirdə Milli Məclisin deputatları görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın xoşbəxt gələcəyi naminə gərgin siyasi fəaliyyəti, ulu öndərə olan ümumxalq sevgisi barədə danışacaq, onunla bağlı xatirələrini mərasim iştirakçıları ilə bölüşəcəklər.