Bosniya və Herseqovinada yaşayan soydaşımız Rəsul Abaszadə xaricdə yaşayan bəzi azərbaycanlıların Heydər Əliyev Fondunun xeyirxah, mərhəmətli fəaliyyətinə qarşı səsləndirdikləri əsassız və böhtan xarakterli fikirlərə etiraz edir. O bununla bağlı düşüncələrini Editor.az-a göndərdiyi məktubda açıqlayıb:
Mən, Bosniya və Herseqovinada yaşayan Rəsul Abaszadə bildirirəm ki, son zamanlar internetdə, sosial şəbəkələrdə bir sıra ölkələrdə yaşayan bəzi həmvətənlərimizin səsləndirdikləri xoşagəlməz, nalayiq ifadələr məni çox narahat edir. Bu ifadələr tarixən malik olduğumuz etik və əxlaq normalarına qəti sığmır və xalqımıza, dövlətimizə bağlı olan xaricdə yaşayan bizləri olduqca məyus edir.
Xarici ölkələrə, əsasən də Avropa ölkələrinə müxtəlif qeyri-leqal ad və bəhanələrlə sığınan və oradan internet vasitəsilə Azərbaycan əleyhinə, dövlətdə müxtəlif vəzifələrdə çalışanların və onların ailəsi haqqında təhqiramiz, etik normalardan kənar ifadələr işlədən, eyni zamanda Heydər Əliyev Fondunun xeyirxah işlərinə kölgə salan bir qrup özünü gerçək „vətənpərvərlər" hesab edən şəxslərin "aktivliyi” məni, həmçinin mənim kimi Avropada yaşayan, ölkəmizə, xalqımıza canı və qanı ilə bağlı olanları ciddi narahat edir. Onsuz da bizi istəməyənlər az deyil. Indi özümüz də özümüzə qarşı işləyirik. Bunlar öz ölkəsinə nə qədər böyük zərbə vurduqlarını başa düşmürlərmi yəni! Bunlarda öz vətəninə qarşı bu qədər qəzəb, kin, nifrət haradandır belə. Bu nə vətənpərvərlik, nə də vətənsevərlikdir.
Ölkəmizdə şəhid ailələrinə, qaçqınlara, öz doğma yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlərə, müharibə veteranlarına, əlillərə, müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə göstərilən dövlət qayğısı göz qabağındadır. Burada Heydər Əliyev Fondunun əməyi böyükdür. Fondun əhalimizi narahat edən, vətəndaşlarımızın yaşayışı, sağlamlığı, təhsili ilə bağlı olan bütün sahələrə dəstək və yardım göstərməsi faktdır. Fond xaricdə də xeyirxah işlər görür. Amma bu barədə ətraflı məlumatım yoxdur. Fond bu gün milyonlarla insan üçün ümid yerinə çevrilib.
Fondun reallaşdırdığı təhsil proqramları çərçivəsində ölkəmizdə 100 mindən artıq şagirdin təhsil aldığı 500-dək məktəb binası tikilib ya da yenidən qurulub, 39 uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, müasir avadanlıqla təchiz olunub. Heydər Əliyev Fondu tərəfindən qaçqın və məcburi köçkün ailələrinin uşaqlarına xüsusi diqqət və qayğı göstərilir, bu ailələrdən olan birinci sinif şagirdlərinə məktəb ləşyaları hədiyyə olunur.
Heydər Əliyev Fondu səhiyyə sahəsində də dövlətimiz tərəfindən görülən işlərə hər zaman öz dəstəyini verir. Bir çox xeyriyyə aksiyaları keçirilir. Fondun təşəbbüsü ilə Bakıda müasir talassemiya mərkəzi tikilib. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi, psixonevroloji uşaq mərkəzi və digər səhiyyə obyektləri tikilib və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
Bosniya və Herseqovinada yaşadığım müddətdə Heydər Əliyev Fondunun layihələrinin şahidi olmuşam. Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kor və zəif görən uşaqlar və gənclər üçün mərkəzi yenidən bərpa etdi.
Bosniya və Herseqovinada Kotorvaroş şəhərində və onun ətrafında olan kəndlərdə, şəhərlərdə yeganə olan Təcili Tibbi Yardım mərkəzini yenidən qurmuşdur. Yeri gəlmişkən demək istəyirəm ki, Bosniya və Herseqovina parlementi ilk dəfə olaraq Xocalı soyıqırımnı rəsmi olaraq tanımışdır.
Bəylər, cənablar, xanımlar, əfəndilər!
Bosniya və Herseqovinada uzun zaman yaşayan, tikinti şirkətində çalışan əli qabar, öz halal zəhməti, alın təri ilə ailəsini dolandıran, qəlbi xalqımız və Azərbaycanımızla döyünən bir azərbaycanlı kimi açıq demək istəyirəm ki, Heydər Əliyev Fondunun yaşadığım ölkədə həyata keçirdiyi bu layihələrin Azərbaycan insanının timsalında yaratdığı-mərhəmətli, xeyirxah, qəlbi geniş, rəhmkar obraz ilə qürur duyuram. Heç bilirsinizmi ki, müharibənin acı xatirəsindən hələ də ayrılmayan, min bir iztirablara düçar olmuş Bosniya və Herseqovinada yeganə olan, yenidən bərpa edilən kor, zəif görən uşaqlar və gənclər mərkəzində təhsil alan və yaşayan, öz doğma ata-anasını, dünya işğını görməkdən belə məhrum olan, öz dinimizdən olan uşaq və gənclərə bu layihələr nə dərəcədə sevinc bəxş etmişdir. Bütün bunlarla qürur duymaq, fəxr etmək olmazmı!
Onu da deməyə özümə borc bilirəm ki, nə mən, nə ailəm nə də nəsil-nəcabətim heç vaxt hansısa vəzifədə işləməmişik. Bizlər sadə zəhmət insanlarıyıq.
Ey „vətənpərvərlər"!!!
Heç bilirsinizmi ki, o uşaqların, gənclərin hər gün etdikləri dualar, alqışlar, rəhmətlər Azərbaycan insanına necə böyük savablar qazandırmışdır. Mən bunun şahidiyəm ki, o, təmiz qəlbli, fiziki qüsurlu, görmək qabiliyyəti olmayan, köməyə möhtac uşaqlar bu layihələrin şəxsən təşəbbüskarı Leyla Əliyevanı səsindən belə tanıyır. Heç bilirsinizmi ki, bu hisslər uzun zaman xaricdə yaşayan mənim-bir Azərbaycan övladında hansı fəxr hissləri yaşadır.
Belə boş, cəfəng, ürəkbulandırıcı fəaliyyətə zaman sərf etməkdənsə torpaqlarımızı işğal edən düşmən Ermənistana qarşı mübarizəyə səylərinizi cəmləşdirməyi sizlərə məsləhət görürəm.
Eyni zamanda, bu kimi böhtan, iftira ilə dolu ifadələrə, əsassız fikirlərə ölkəmizin cəmiyyəti, ziyalıları, alimləri tərəfindən reaksiyanın verilməməsi də məni olduqca məyyus edir. Bu baxımdan, alimlərimizi, ziyalılarımızı belə fəaliyyətə sərt münasibət bildirməyə çağırıram. Heç düşünmürsünüz ki, gələcək nəsillər bu utancverici addımlara görə bizi bağışlayacaqmı…
Bizim tarixdən gələn möhkəm, əqidəmiz, iradəmiz, mərdliyimiz, mətnliyimiz var. Bizlər-xaricdə yaşayan bütün azərbaycanlılar fəaliyyətimizi milli işlərə yönləndirməli, xalqımızın, dövlətimizin inkişafı, onun problemlərinin həlli, tarixi torpağımız olan Dağlıq Qarabağın azad olunması yolunda əsgər kimi birləşməliyik.
Bütün bunlara görə Heydər Əliyev Fonduna deyilən ifadələrin əsassız, qeyri-obyektiv, özündə heç bir həqiqəti əks etdirmədiyini söyləyirəm.
Həmin ifadələrin onların kimin tərəfindən səsləndirilməsindən asılı olmayaraq əleyhinəyəm, onları qınayıram. Təbii ki, hər bir insanın müstəqil fikir bildirmək və onu azad ifadə etmək hüququ vardır. Ancaq bu, obyektiv həqiqətlərə uyğun, sivil yolla, etik qaydalar çərçivəsində, heç bir şəxsin, onun ailəsinin şərəfinə, ləyaqətinə toxunmadan ifadə olunmalıdır.
Unutmaq olmaz ki, bizə ulu dədə-babalarımızdan qalmış adət və ənənələrimiz, əxlaq, namus, qeyrət və şərəfimiz var. Bu gün öz ”siyasi mübarizəsini” söyüş və təhqir əsasında quranlar, bu yolun nə onların özlərinə nə də ki Azərbaycana, cəmiyyətimizə heç bir xeyri olmadığını başa düşməlidirlər. Öz müstəqil dövlətimizə rəhbərlik edənləri təhqir etməklə, yaşayışınızı təmin etmək, ölkəmizə qarşı məkrli savaş açmaq mənəviyyatınızı itirmək deməkdir.
Hansı məkanda yaşamasından asılı olmayaraq həmin adamların başqasının ailə üzvünü təhqir etməsi, onun şərəf və ləyaqətini alçaltması, böhtan atıb, nalayiq sözlər işlətməklə mübarizə aparması uzaq və yaxın tariximizdə heç bir azərbaycanlımıza xas olmamışdır. Bu heç kəsə baş ucalığı gətirməz. Bu ümumiyyətlə heç mübarizə forması da deyildir. Buna görə sizlər öz vicdanınız qarşısında cavab verəcəksiniz.