Heydər Əliyev Fondu xərçəngdən əziyyət çəkən aktrisanın müalicəsini öz üzərinə götürdü

MƏDƏNİYYƏT
22:30 09.12.2013
2433

Xəbər verdiyimiz kimi, Əməkdar artist, Musiqili Dram Teatrın aktrisası Xanım Qafarova ağır xərçəng xəstəliyindən əziyyət çəkir.

Bir neçə gün öncə mətbuata açıqlamasında vəziyyətinin kəskin formada ağırlaşdığını və artıq gəzə bilmədiyini qeyd etmişdi: “Mən şüa aparatından keçməliyəm, həmin aparatdan Azərbaycanda yoxdur. Xəstəlik hansı nöqtələrdədirsə, şüa o hissələrə vuracaq. Və digər orqanlarıma ziyanı olmayacaq. Bunun üzərinə xəstəxana və oteldə qalmaq pulunu əlavə edəndə, hardasa mənə 12-13 min dollar pul lazımdır. Aktrisayam, bu məbləğ imkanım xaricindədir. Həmin aparatla bədənimə şüa verilsə, xəstəliyin mənbəyi qurudulub, yandırılacaq, ağrılarım dayanacaq”.

Tanınmış aktrisasının bu açıqlamasından sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva Xanım Qafarovanın müalicə xərclərini öz üzərinə götürüb. 

Bu barədə məlumatı Editor.Az-a Qafarovanın özü verib. 

Onun sözlərinə görə, Heydər Əliyev Fondunun əməkdaşları onunla bu gün əlaqə saxlayaraq, müalicəsi üçün lazım olan məbləğin fond tərəfindən ödəniləcəyini bildiriblər: “Artıq dekabrın 11-də Türkiyəyə müalicəyə yola düşəcəm. Hörmətli Mehriban xanım Əliyevaya nə qədər təşəkkür etsəm azdır. O, Allahın izni ilə məni ailəmə, kiçik qızıma bağışladı. O qədər sevincli və inamlıyam ki, sanki heç xəstə deyiləm. Hörmətli Prezidentimizə, Mehriban xanım Əliyevaya mənə və ümumilikdə sənət adamlarına göstərdikləri böyük diqqətə görə, çox təşəkkür edirəm. Allah onları qorusun!”

OXŞAR XƏBƏRLƏR