İtaliya Prezidenti Sergio Mattarella rəsmi səfərlə Azərbaycana gəlib və Prezident İlham Əliyev ilə görüşərək iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə edib.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov AZXEBER.COM-a açıqlamasında bildirib ki, İtaliya və Azərbaycan arasında hərtərəfli əlaqələr şaxələndiriləcək:
"Heydər Əliyev vaxtilə məni İtaliyaya səfir təyin edərkən demişdi ki, "İtaliya və Azərbaycan arasında əlaqələr nə qədər dost səviyyəsinə çatdırılsa, ölkəmiz üçün bir o qədər önəmli olar.” Bu istiqamətdə həmin vaxt xeyli işlər görüldü. İndi isə iki ölkə arasındakı əlaqələr yüksək səviyyədə davam edir”.
E.Məmmədyarov deyib ki, İtaliya–Azərbaycan Universitetinin açılması təhsil sahəsində də əməkdaşlığımızın göstəricisidir:
"Neft–qaz sektorunda əlaqələrimiz isə gündən-günə inkişaf edir. Hesab edirəm ki, Azərbaycan–İtaliya münasibətləri siyasi, iqtisadi, mədəni və digər sahələrdə ildən-ilə güclənəcək. İtaliya–Azərbaycan Universitetinin açılması təhsil sahəsində də əməkdaşlığımızın göstəricidir. Gələcəkdə daha böyük layihələrin reallaşması mümkündür. Hətta bəzi xəbərlərə görə, SOCAR İtaliyada neft emalı zavodu alıb”.
Xatırladaq ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov 2003-2004-cü illərdə Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində də çalışıb.
Şahanə Ziyad