"Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb"

"Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb"
SOSİAL
11:12 02.02.2024
410
Azərbaycanda gənclər siyasətinin inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni səhifə açdı. Bütün sahələrdə aparılan islahatlar, yeniliklər dövlətimizin möhkəmlənməsində, ictimai-siyasi sabitliyin təminatında mühüm rol oynadı. Ulu öndərin əsasını qoyduğu siyasi kurs ölkəmizin varlığını qorudu, gələcəyini təminat altına aldı.
1990-92-ci illər ölkəmizin həyatında olduqca böyük imtahan sayıla bilər. O baxımdan ki, sovet hakimiyyətinin dağılması və hakimiyyətə yiyələnmiş bir qrup səriştəsiz insanın "sayəsində” ölkədə özbaşınalıq, xaos yaranmışdı. Bunun nəticəsi olaraq ölkənin, millətin gələcəyi sayılan gənclər də bir sıra mənfi xarakterli meyillərə yönəlməyə başladılar. Yaranan silahlı dəstələrdə yer alan gənclər daha ziyanlı vərdişlərə yönləndirildi. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin yenidən Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi ilə gənclərin ziyanlı vərdişlərdən çəkindirilməsi və gələcəyimizin qaranlıq uçuruma yuvarlanmaması üçün dövlət səviyyəsində addımlar atıldı, gənclər siyasəti müəyyənləşdirildi.
Heydər Əliyevin formalaşdırdığı gənclər siyasəti bu gün özünün ən uca məqamına çatıb. Cənab Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətini qəbul etdiyi bütün qərarları ilə yüksək səviyyədə davam etdirir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət proqramları qəbul edilib, 2007-ci il "Gənclər ili” elan olunub, 2011-ci ildə Gənclər Fondu yaradılıb. 2013-cü ildə ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı” təsis olunub, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiqlənib. Gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclər yerinə yetirdilər.
Sevindirici haldır ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Belə ki, bütün dünyanı cənginə alan və ölkəmizdə də ciddi mübarizənin aparıldığı koronavirus pandemiyasına qarşı Azərbaycan gəncləri də fəal şəkildə səfərbər olunublar. Belə ki, gənclərimiz pandemiya ilə əlaqədar ölkəmizin bütün şəhər və rayonlarında əhalinin maarifləndirilməsi, sosial məsafənin saxlanılması, qoruyucu tibbi vasitələrdən istifadəyə dair müxtəlif sosial təşəbbüslər, kampaniyalar, tədbirlər təşkil edir, aztəminatlı, köməksiz ailələrə yardımların göstərilməsində iştirak edir, bu mübarizəyə öz töhfələrini verirlər.
Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
Bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.


Naftalan şəhər sakini Nəbiyev Məhəmməd

OXŞAR XƏBƏRLƏR