Heydər Məmmədov: Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq

Heydər Məmmədov: Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İƏT-ə üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq
SOSİAL
09:18 21.10.2026
156
Bakıda keçiriləcək yüksək səviyyəli görüşdə İslam Əməkdaşlıq Təşkilatına(İƏT) üzv 48 dövlət və 250-dən artıq iştirakçı təmsil olunacaq.

AZXEBER.COM xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksək Səviyyəli Görüşünə hazırlıq işləri ilə açıqlamasında deyib.

O bildirib ki, tədbirin yüksək səviyyədə təşkili və məzmun baxımından səmərəli keçirilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Baş prokurorun müavini qeyd edib ki, 2026-cı il oktyabrın 27–28-də Bakıda keçiriləcək görüşə hazırlıq çərçivəsində Baş Prokurorluq üzrə müvafiq əmrlə Yerli Təşkilat Komitəsi yaradılıb. Komitənin əsas vəzifələri tədbirin yüksək səviyyədə təşkilini təmin etmək, İƏT-ə üzv dövlətlər arasında antikorrupsiya əməkdaşlığının inkişafına töhfə vermək və Azərbaycanın bu sahədəki təcrübəsini beynəlxalq tərəfdaşlarla bölüşməkdən ibarətdir.

İştirakçıların sayına və təmsilçilik səviyyəsinə toxunan Heydər Məmmədov bildirib ki, tədbirdə İƏT-ə üzv olan 57 dövlətdən 48-nin nümayəndələri olmaqla, ümumilikdə 250-dən artıq şəxsin iştirakı gözlənilir. Onun sözlərinə görə, iştirakçılar sırasında 30 dövlət qurumunun rəhbəri, səfirlər, beş beynəlxalq və regional təşkilatın rəhbər və yüksək vəzifəli nümayəndələri, habelə üç müşahidəçi dövlətin təmsilçiləri yer alır.

Əvvəllər də Azərbaycan Prokurorluğu tərəfindən bu kimi mötəbər tədbirlərin yüksək səviyyədə keçirildiyinə toxunan Heydər Məmmədov bildirib ki, Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Bakıda keçirilən Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı, COP29 çərçivəsində yüksək səviyyəli sessiya və GlobE Şəbəkəsinin Altıncı Plenar İclası və digər mötəbər beynəlxalq tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiqliyinin bariz göstəricisidir.
OXŞAR XƏBƏRLƏR