AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, yeni tələb ilk növbədə ölkəyə heyvan idxal edən sahibkarlara və daşıyıcılara aiddir. Qaydanın tətbiqi ilə daşınma prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması nəzərdə tutulur. Amma iqtisadçılar hesab edirlər ki, bu dəyişiklik bazarda əlavə xərc yarada bilər. Çünki ixtisaslaşdırılmış nəqliyyat vasitələrinin alınması, icarəsi, saxlanması və təmizlənməsi sahibkar üçün maya dəyərinə təsir edən amillərdən biridir.
İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, məsələ təkcə daşıma qaydasının dəyişməsi ilə məhdudlaşmır. Son illərdə ölkədə mal-qara sayının azalması yerli bazarda idxala tələbatı artırıb. İdxaldan asılılıq çoxaldıqca isə logistika, daşınma və digər əlavə xərclərin qiymətlərə təsiri daha çox hiss oluna bilər.
Yerli istehsalın artırılması qiymətlərin sabitliyi baxımından əsas şərtlərdən biridir. Əgər bazarda yerli məhsul bolluğu yaranarsa, idxaldan asılılıq azalar və daşınma xərclərinin qiymətlərə təsiri də zəifləyə bilər.
AQTA isə qərarın sahibkarlıq fəaliyyətinə əlavə məhdudiyyət yaratmaq məqsədi daşımadığını bildirir. Agentlikdən qeyd olunub ki, məqsəd ölkənin epizootik təhlükəsizliyinin gücləndirilməsi, xüsusi təhlükəli yoluxucu heyvan xəstəliklərinin ölkə ərazisinə keçməsi riskinin azaldılması və heyvan rifahı üzrə beynəlxalq standartların tətbiqidir. Qurumdan bildirilib ki, heyvanların idxalı zamanı istifadə olunan nəqliyyat vasitələri yalnız daşınma funksiyasını yerinə yetirmir. Bu maşınlar sərhəd baytarlıq nəzarəti məntəqələrində heyvanların təhlükəsiz boşaldılması, fərdi kliniki müayinəsi və zərurət yarandıqda laborator müayinələr üçün nümunələrin götürülməsi baxımından da vacibdir. Agentlik onu da bildirir ki, qərarın dərhal deyil, 2027-ci il yanvarın 1-dən tətbiq olunması sahibkarların yeni tələblərə uyğunlaşması üçün keçid dövrü yaradır. AQTA hesab edir ki, yeni tələblər uzunmüddətli perspektivdə həm heyvan sağlamlığının qorunmasına, həm də idxal proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.











































