Hillari Klinton Azərbaycan müxalifətini niyə saymadı?
15:56 09.06.2012
1185
ABŞ-ın dövlət katibi Yerevan və Tiflisdən fərqli olaraq, Bakıda dağıdıcı müxalifət təmsilçiləri ilə görüşməməklə onların anti-Azərbaycan kampaniyasını heçə endirdi ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri başa çatıb. O, regiona səfəri çərçivəsində iyunun 4-də Ermənistanda, iyunun 5-də Gürcüstanda, iyunun 6-da isə Azərbaycanda olub. Amerikalı diplomatın regionumuza səfəri və burada keçirdiyi görüşlərdə verdiyi mesajlar uzun müddət analitiklərin şərh edəcəyi məsələlər sırasında olacaq. Lakin ilkin nəticə budur ki, dövlət katibi hər üç Qafqaz respublikasının siyasi reallıqlarından çıxış edərək Amerikanın regiondakı maraqlarına söykənən açıqlamalar verib. Dövlət katibi Yerevanda daha çox demokratiyanın acınacaqlı durumundan, parlament seçkilərindəki pozuntulardan, Tiflisdə Rusiyanın Gürcüstana artan təsirlərindən, Bakıda isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeni perspektivlərin açılmasından və strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyindən danışıb. Xanım Klintonun Ermənistan, Gürcüstan və Azərbaycanda səsləndirdiyi bəyanatlar Amerikanın bu region dövlətlərinə baxış bucağının əsas istiqamətlərini sərgiləyir. Yüksək rütbəli ABŞ diplomatının səfəri ilə bağlı ekspertlərin proqnozları demək olar ki, özünü doğrultmuş oldu, yalnız bir məqamdan başqa. Azərbaycan müxalifətinin dağıdıcı qanadı, həmçinin vətəndaş cəmiyyəti pərdəsi arxasında gizlənən iftiraçı dairələrin ümidləri özünü doğrultmadı. Klinton Yerevan və Tiflisdən fərqli olaraq Bakıda dağıdıcı müxalifət təmsilçiləri ilə görüşməməklə onların ümidlərini alt-üst etdi və bu vaxta kimi apardıqları anti-Azərbaycan kampaniyasını heçə endirdi. ABŞ dövlət katibinin Bakıda prezident İlham Əliyevlə, həmçinin rəsmi şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan-ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması müzakirə edilib. Bununla yanaşı H.Klintonun XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransda iştirak etməsi ölkəmizin enerji sahəsində artan rolunun göstəricisi kimi qiymətləndirilməlidir. Qeyd edək ki, H.Klintonun bölgəyə səfəri ərəfəsində “ictimai palata” adlanan qurumda birləşmiş dağıdıcı müxalifət başçıları geniş təbliğat və yalvar-yaxar kampaniyasına başlamışdılar, dövlət katibi ilə görüşmək üçün dəridən-qabıqdan çıxırdılar. Elə bir neçə gündür ki, müxalifət qəzetləri tapşırıq əsasında H.Klintonun müxalifət partiyalarının rəhbərləri ilə görüşüb-görüşməyəcəyi məsələsini geniş müzakirə edirdi. Lakin H.Klinton dağıdıcı müxalifət başçılarının arzusunu ürəyində qoydu və onlarla görüşmədi. Bakıdan fərqli olaraq, amerikalı diplomat Yerevan və Tiflisdə müxalifət, habelə ictimai fəallarla görüşə geniş ayırmışdı. Hillari Klintonun Ermənistan səfərində gözlənildiyi kimi, bu ölkənin ünvanına tənqidi fikirlər də səsləndirildi. Dövlət katibi Ermənistanın demokratikləşmə istiqamətində çoxlu səylər göstərməli olduğunu deyib. Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasından keçən 20 il ərzində ikitərəfli əlaqələr xeyli güclənib. “Lakin eyni zamanda gələcəyə baxmaq və bu münasibətləri necə görmək haqqında düşünmək gərəkdir” - deyə Klinton vurğulayıb. Dövlət katibi bildirib ki, 20 il bundan əvvəl Ermənistan demokratiyaya keçidə başladı: «Müəyyən addımlar atıldı və indi daha çox addım atmaq gərəkdir». Dövlət katibi bu ölkədə baş tutmuş parlament seçkilərini də diqqətdən kənarda saxlamayıb. Onun sözlərinə görə, seçki prosesində bir sıra elektoral problemlər yaşanıb. Xüsusi vurğulamaq lazımdır ki, Klinton Ermənistanda bir çox hüquq müdafiəçilərinə mükafatlar verib. Klintonun Gürcüstanda da gürcü müxalifəti nümayəndələri ilə görüşüb. Bu zaman əsas müzakirə mövzusu payızda keçiriləcək parlament seçkiləri olub. Klinton həmçinin, Gürcüstan hökumətinə ədalətli və şəffaf seçkilər keçirilməsi üçün konkret ölçülər təklif ediləcəyin bildirib. Göründüyü kimi, Azərbaycanın dağıdıcı müxalifət təmsilçiləri ilə görüşmək Klintonun nəinki gündəliyində, heç təsəvvüründə belə olmayıb. Bu hal bir daha sübut edir ki, heç bir ciddi siyasi fiqur belə dağıdıcı, məqsədi, məramı bilinməyən, qeyri-ciddi qüvvələrlə təmas qurmaq istəmir. Dağıdıcı müxalifət nə Azərbaycanda, nə də onun hüdudlarından kənarda qəbul olunur. Fuad Qəhrəmanlı, Kaspi qəzeti