"Prinsip etibarilə, Hindistandan bundan fərqli bir mövqe gözləməyə dəyməzdi. Hindistan faktiki olaraq beynəlxalq münasibətlər sistemində, xüsusilə təhlükəsizlik baxımından önəmli bir yer tutmasa da, bu və digər şəkildə öz varlığını biruzə vermək üçün beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycana, eyni zamanda onun müttəfiqlərinə qarşı ədalət prinsiplərinə uyğun olmayan qeyri-adi bir mövqə sərgiləyir. Bu baxımdan Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də eyni davranışların ortaya qoyulması təsadüfi qəbul oluna bilməz".
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünə veto qoymasına münasibət bildirərkən deyib.
O bildirib ki, Hindistanın ŞƏT-də mövcudluğu belə nonsensdir (mənasız):
"Əslində, Hindistanın bu təşkilatda mövcudluğunun özü belə faktiki, nonsensdir. Çünki Hindistan özünü bir kəmər, bir yol layihəsinə qarşı rəqib hesab edir və eyni zamanda Şimal-Cənub layihəsinin də Hindistanda yer aldığı layihəsini bütövlükdə bölgədən keçən nəqliyyat dəhlizlərinə alternativ kimi təqdim edir. Zəngəzur dəhlizi ilə bağlı qəbul olunan qərarlar görünür, eyni zamanda Hindistanın da nəticə etibarilə maraqlarına uyğun olmadığı üçün bu və digər şəkildə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzvlüyünü əngəlləməklə öz mövcudluğunu, varlığını diqqətə çatdırmağa cəhd göstərir".
Deputat Hindistanın Azərbaycana qarşı səylərinin effektiv bir nəticə verməyəcəyini düşünür:
"Prinsipcə Hindistanın atdığı addımlardan da asılı olmayaraq bu təsisatın dominant gücü olan Çinin Azərbaycanla bağlı mövqələri aydındır. Azərbaycanla Çin arasındakı münasibətlər strateji tərəfdaşlıq müstəvisindədir və gündən-günə genişlənir. Nəticə etibarilə, Şanxay Əməkdaşlıq Təşkilatına ölkəmiz üzv olmasa belə, bu təşkilata üzv olan əsas dövlətlərlə texnoloji baxımdan, yüksək inkişaf yolu keçmiş ölkələrlə Azərbaycanın əməkdaşlığı üçün geniş imkanlar və perspektivlər var. Bu aspektdən də Hindistanın Azərbaycana qarşı səyləri heç bir nəticə verməyəcək. Bizim üçün əsas olan məqam Cənubi Qafqazda hökm sürən sülhün və təhlükəsizliyin təmin olunması, Zəngəzur dəhlizinin reallaşmasıdır ki, bu da Hindistan kimi ölkələrin iradəsindən kənar baş verən proseslərdir, hansı ki, biz bu istiqamətdə müsbət addımların atıldığının şahid oluruq".
Mikayıl Mirzəzadə