"Azəriqaz”la "Azəristilik”in arasında yaranan 34 milyonluq borc məsələsi həll olunub.
AZXEBER.COM xəbər verir ki, bu haqda "Azəriqaz”ın mətbuat katibi Eldəniz Vəliyev məlumat verib.
"Noyabrın 14-də "Azəristilik Təchizat"ın rəhbərliyi ilə danışıqlarımız oldu. Çünki bir gün sonra qış rejiminə keçid olacaqdı və bu baxımdan evlərə istiliyin verilməsi zərurəti yaranmışdı. Danışığın nəticəsində "Azəriqaz" olaraq bir həftə möhlət verdik ki, yaranmış borc ödənilsin. Söhbət 34 milyondan gedirdi. Amma "Azəristilik" bunun 14 milyonunu mübahisəli predimet kimi qiymətləndirdiyinə görə, 20 milyonun üzərində olan məbləğdən danışırdıq. Hələlik bu mərhələdə söhbətlər gedirdi. "Azəriqaz İstehsalat" Birliyi qarşı tərəfə bir həftə möhlət verdi. İşin gedişində növbəti danışıqlar oldu. Qarşı tərəfin xahişi nəzərə alınaraq qərara alındı ki, bu möhlət dekabrın 15-nə qədər uzadılsın. Bu gün artıq bu möhlətin vaxtı tamam olur”.
Eldəniz Vəliyev bildirib ki, bütün borcu hökümət qarşılayıb:
"Media nümayəndələri də müddətin bitdiyi üçün bizə müraciət edirlər ki, vətəndaşların aqibəti necə olacaq? Qazanxanalara verilən mavi yanacaq dayandırılacaq, yoxsa davam edəcək? Məlumat üçün deyim ki, məsələdən hökümət xəbərdar idi. Hökümət məsələnin ciddiliyini nəzərə alaraq "Azəriqaz" ASC-yə borcun ödənilməsi ilə bağlı 12 milyon manat vəsait ayırdı. Hökümət vətəndaşları nəzərə alaraq borcun digər hissəsini də öz üzərinə götürüb. Ödəniləcək 12 milyon manatın sənədləşmə prosesi gedir. Yerdə qalan məbləğin də qarşılanması hökümətin üzərinə düşür. Cənab Prezident üçün hər zaman vacib olan insan, vətəndaş faktorudur. Prezident də vətəndaşa verdiyi dəyəri həssas tutaraq vətəndaşların soyuq havada istilikdən məhrum olmasına imkan vermədi. Beləliklə, iki dövlət qurumu arasında olan borc məsələsi belə görünür ki, bitmiş hesab olunur”.
Aydın Nuri