Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün "Azəri" adlı yeni növü yetişdirilib.
Bu barədə Trend-ə Holland Azərbaycan Dostları Cəmiyyətindən məlumat verilib.
Bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin nəinki dahi şəxsiyyətlərin, həmçinin, ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib.
Qeyd edək ki, 2013-cü ilin mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə qürurlu, ləyaqətli, cəsarətli olan Azərbaycan xalqının "Azeri" adının verilməsi qərara alınıb. Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və "DufoA" Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıblar.
Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb. Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin dünyada ən çox ziyarətçisi olan Keukenhof parkında əkilməsini planlaşdırır.
Daha iki gül - "Alstrumeriya" adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi hər bir azərbaycanlının yaralı yeri olan Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül əsasən qan və atəş təsəvvürünü yaradır. Bu, bir tərəfdən, gözəllik və həyat , digər tərəfdən isə intiqam və müharibəni simvolizə edir. Ağ rəng gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir.
Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə "DufoA" adlandırılması təşəbbüsünü irəli sürüb.