Könül Əlibəyli
Son zamanlar kinoteatrlarımızın repertuarının 50 faizini xarici filmlər təşkil edirsə, 50 faizini də yerli filmlər tutur. Sevincək olub üz tutdum cinemaplusa: "Hozu”ya baxmağa! Hozuldaya-hozuldaya da qayıtdım evə. Niyəsi aşağıda…
Vikipediya
2017-ci il istehsalı olan, İlham Yaşaroğlunun rejissorluğu ilə çəkilən filmin baş rollarını Məcid Hüseynov (Hozu), Natavan Həbibi (Həlimə), Ramiz (Ramiz Hüseynzadə) və Səbiş (Səbinə Əliyeva) paylaşır. Hozunun əsl adı Hətəmdir, sadəcə davranışlarına görə Hozu ləqəbini qazanıb. O, işləmək üçün ucqar kənddən Bakıya əmisioğlu Ramizin yanına gəlir. Ramizin həyat yoldaşı Səbinə onu evində istəmir və oğlu Kərimin tərbiyəsini korladığını düşünür. Hozunun bəzi hərəkətlərindən bezir və onu rəfiqəsi Həlimənin köməyilə rayona göndərmək üçün oyun qurur. Lakin bu oyunun sonunda Həlimə və Hozu arasında əsl sevgi yaranır. Sonda cütlük evlənir.
Ümumi analiz
Komediya janrının öz qanunları var. Gülməli dialoqlardan ibarət film komediya janrında olmaya da bilər. Komediyanın əsası onun içindəki zarafatyana sözlər və ya hadisələr deyil, "gülməli hekayə”dir. Komediya janrının dünyada qəbul olunmuş qanunları və şərtləri var. Məsələn, bir ssenarist hər səhifədə 10 zarafatyana dialoq və ya hadisə olan, lakin əsl süjet xətti gülməli olmayan 100 səhifəlik bir ssenari yaza bilər. Lakin başqa bir ssenarist isə 10 səhifəlik və içində heç bir zarafatyana dialoq və ya hadisə olmayan, lakin gülməli həyat hekayəsi yaza bilər. Komediya birinci yox, ikincinin yazdığıdır. O, 10 səhifəlik hekayəyə sonradan istənilən zarafatyana dialoq, monoloq və səhnələri qatmaq olar. Lakin neynirsən elə, birincidən komediya çıxmayacaq!
Hozuda hekayə var, amma gülməlidirmi?Əslində hərənin öz gülüş səviyyəsi var. Məsələn, birinə dəhşətli dərəcədə komik gələn bir söz və ya əhvalat, başqasına maraqsız və mənasız gələ bilər. Amma bu o demək deyil ki, milyonlarla insandan ibarət auditoriyaya bayağı zarafatlar yedirtmək olar. 6-7 nəfər tamaşaçı ilə birgə "Sara” filminə baxıb kədərlənən biri kimi, "Hozu”ya baxmağa gələn 45 nəfər tamaşaçıdan ibarət zalı görüb təəccübləndim. Hələ nəzərə alsaq ki, mən günorta seansına getmişdim, aydın olar ki, filmin auditoriyası əslində daha genişdir.
Baxış zamanı filmə gülən var idimi? Var idi! Zarafatlara sifətini turşudub gülməyən var idimi? Var idi! Filmdən əlavə onun tamaşaçısını da müşahidə və analiz edən biri kimi deyə bilərəm ki, birincilər ikincilərdən çox idi. Çoxluq azlığa tabe olduğuna görə.... Məsələ aydındır. "Hozu” komediya sayılır.
Xüsusi analiz
Kənd həyatından adamı iyrəndirəcək şəkildə inandırıcı başlayan filmin ilk dialoqlarından düşündüm ki, rejissor, deyəsən, bəzi şeylərə önəm vermir. Bir nəfər danışır, qarşısındakının reaksiyası yox.. Bir nəfər qışqırır, qarşısındakının mimikası yox, cavabı yox... Yəqin ki, bu üslub göstəricisidir.
Dialoqlardan ilk güldüyüm yox, gülümsündüyüm kəlmə:Toyuqlara dən tapa bilmir, mənə deyir evlən! (Filmdə Hozu bunu atasına söyləyir.) Dünyanın bəlası: Ata, ana nəvə görmək istəyir. Nə şəraitdə yaşayır-yaşasın, öz oğlunun xeyir işini görüb nəvəsini qucağına almaq istəyir.
İşləmək üçün şəhərə yola düşən Hozunun mindiyi avtobusdakı dialoqlar nə qədər kobud olsa da realdır. Günümüzü əks etdirir. Hozunun son sözünü eşitmədiyinə görə, onun nə dediyini öyrənmək üçün dostunun avtobusa yapışıb şəhərə kimi gəlməsi isə "multfilm” idi.
Əmisi oğlunun evinə gəlib çatan Hozunun gecə vaxtı evin həyətindəki ağacdan ayaqyolu kimi istifadə etmə səhnəsi kinozalın az qala alqışlayacağı səhnə idi. Zalda demək olar ki, məndən başqa hamı gülürdü. Bir anlıq özümün yumor hissimə şübhə ilə yanaşdım.
Evin gəlini, yəni Ramizin həyat yoldaşı Səbinə Hozunun kənddən gətirdiyi pendiri zibil qabına atır, səhər tezdən isə Hozunun, ərinin və oğlunun həmin pendirdən yediyini görür. Məlum olur ki, Hozu kənddə nə pendir qabı görüb, nə də zibil qabı. Türklər demişkən, bu dərəcədə "abartmağa” ehtiyac var idimi görəsən?
Zalın səsinin gülüş tonu bir səhnədə də qəfildən artdı:Hozu arxasını qaşıya-qaşıya mətbəxdə şkafları axtarır. Ümumiyyətlə, sözün hər iki mənasında beldən aşağı yumorlara heç vaxt gülməmişəm, gülə bilmirəm, istəsəm də alınmır. Məncə, yumor bu deyil. Yumor insanda ikrah doğurmamalıdır.
Səs rejissorunun işi pis deyildi. Musiqi səhnəbəsəhnə əhvalı lazımi həddə çatdırırdı.
Son zamanlar filmlərdə sünilik azalsın deyə dialoqların gündəlik danışıq dilində, yəni "loru” dilində yazılması yaxşıdır. Amma müəyyən həddi qorumaq şərti ilə… Məsələn Kərimi məktəbə gətirən Hozunun başqa uşağa "Kərimin xətrinə kim dəysə, onu cırıx-cırıx eliyərəm” deməsi mənim üçün gülməli deyil. Bu gün xarici filmlərdə də vulqar sözlərdən, hətta söyüşlərdən xeyli istifadə olunur. Amma uşaqla bağlı bir səhnədə belə səhv etmək olmaz.
Filmdə Ramizin dostu və iş yoldaşı Elnurun aktyor oyununa söz ola bilməz. Gəzdiyi qızlardan birini telefonla yığıb "mənim balam neynir?” deyərkən, sifətindəki usta mimika unudulmazdır.
Filmin xronometrajı 80 dəqiqədir. Əslində normal müddətdir, lakin düşünürəm ki, 3 dəqiqəlik anonsa filmin 80 faizini yerləşdirə biliblərsə, 80 dəqiqə çoxdur.
Mənim komik nüans olaraq, ən xoşuma gələn səhnə restoranda Həlimə ilə Hətəmin şam yeməyi epizodu oldu. Hozu Həlimənin xəbərdarlıqlarına baxmadan, çilini yeyir və dili yandığından özünə yer tapa bilmir, stolun üstündəki güldandakı suyu içir. Güman ki, aktyor həqiqətən də çəkiliş zamanı çili yeyir. Yoxsa bu qədər inandırıcı alınmazdı. Həlimənin tanışının təsadüfən restoranda olması və gəlib Hozu ilə tanış olarkən, Hozunun adına gülməsi və nəticədə bütün dostları ilə birgə Hozu tərəfindən amansızcasına döyülməsi səhnəsi də yaxşı fraqment idi. Hozu məhz bu səhnədə öz adını bir daha təsdiqləmiş oldu. Bu səhnə süjetin tərkib hissəsi olduğunu sübut etdi. Yoxsa az qala bu filmin zarafatyana söz yığınından ibarət rolik olduğunu düşünməyə başlamışdım.
Hozunu bəyənməyən və onu bir dəqiqə də evində saxlamaq istəməyən Səbinənin valideynləri evə qonaq gələrkən, məlum olur ki, onlar əslində Hozudan nə artıq, nə də əskikdirlər. Ananaslı, üzümlü saç düzümü, qucağında iti ilə gəzən bir obraza Elza Seydicahanı çox uyğun seçiblər. Hozunun onun saçından üzüm götürüb yeməsi də yaxşı idi. Lakin Hozunun onun başındakı ananası kəsməsindən sonra, bədahətən şeir deyən Elzanın o sətirlərini heç cür həzm etmək olmur: Ananas... Ana-nazdır, əmi qazdır, xala pazdır və s… Özü öz şeirlərinin mənasızlığınımı təsdiq etmək istədi?
Səbinənin atasını isə meyxanaçı Ağamirzə oynayır. Öz şirin ləhcəsi ilə əslində çox uğurlu seçilən bu aktyor öz işinin öhdəsindən qat-qat asanlıqla gəlir.
Səbinənin planına əsasən, özünü Kərimin müəlliməsi- Sevinc müəllimə kimi qələmə verən Həliməni isə Natavan Həbibi canlandırır. Ümumiyyətlə, heç vaxt müğənnilərin filmlərdə çəkilməyinin tərəfdarı olmamışam. Sadəcə fanatlarının filmin baxılma sayına təsir edəcəyini nəzərə alsaq, bunu başa düşə bilərəm. Bu yazılmamış kommersiya qanunudur. Amma düzü Natavandan belə bir oyun gözləmirdim. Lazımi dərəcədə təbii və səmimi!
Öz əmisioğlu Hozunun yaşlı-başlı Sevinc müəlliməyə gözü düşdüyünə inanmaq istəməyən Rüstəmin üzrxahlıq üçün məktəbə gəlməsi, müəllimənin isə onun 2 manat fond pulu vermək istəmədiyinə görə gəldiyini düşünüb "biz həll edərik, siz narahat olmayın” deyib onu göndərməsi əsl komik tapıntı idi. Komediya məhz belə olmalıdır.
Sevdiyi qızla barışmaq üçün Hozunun Həliməyə gül gətirdiyi səhnədə, Həlimənin evdə oturub film izləyərkən diqqət çəkən əsas məsələ onun hansı filmə baxması deyil, təbii ki. Amma bu filmin məhz Adriano Çelentanonun baş rolda çəkildiyi "İnadcılı əhlilləşdirmək” filmi olması mənə sanki bir işarə kimi gəldi. Hamının Hozu kimi tanıdığı Hətəm və kobud, inadcıl, qaba Kobonyo… Bəlkə də yaradıcı heyət Hozunu Kobonyoya tay tutur , amma inanıram ki, elə olmadığını özləri də bilir.
Hozu başa düşəndə ki, əslində Həlimə Kərimin müəlliməsi deyil və Sevinc onun əsl adı deyil, çox pis olur, gözləri dolur. Bu hissə əslində çox təsiredici olmalı idi, çünki filmin dönüş nöqtəsidir. Amma, bu hissə yalnız hindsayağı epizod kimi yadımda qaldı.
Yekun
Filmin çatdırmaq istədiyi ən əsas nəticə budur ki, insanın zahiri görünüşü, davranışı, yaşadığı şərait və mühitin ona təsiri yox, onun daxili gözəlliyi, iç dünyası önəmlidir. Mövzu yaman mövzudur, amma yanaşma səmti?...
Filmlərimiz var ki, 10 dəfə də baxsam, doymuram. Amma bu filmə ikinci dəfə baxacağıma inanmıram. Əsas olan odur ki, "Hozu”nun ikincisini gözləyənlərin çox olacağına, bəlkə də artıq olduğuna inanıram. İstənilən halda, kinomuzun inkişafı məni sevindirir.