“Human Rights House” Şəbəkəsinin maliyyə işlərinə Saro Saroyan adlı erməni əsilli şəxs baxır” - Elnur Aslanov

SİYASƏT
18:10 22.08.2013
1617

“Human Rights House” Şəbəkəsinin Azərbaycanda seçkiqabağı mühiti narahatedici kimi təqdim etməsi qərəzli xarakter daşıyır və reallığı təhrif edir.

AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib. O qeyd edib ki, Azərbaycanda seçkiqabağı vəziyyəti prezidentliyə namizəd kimi Mərkəzi Seçki Komissiyasında təsdiq olunanlar, müxtəlif siyasi partiya və təşkilatlar normal qiymətləndirsələr də, “Human Rights House” Şəbəkəsi bunu nəzərə almadan ölkə haqqında yanlış və subyektiv məlumatlar yayır.  

“2 ay əvvəlcədən Azərbaycanda prezident seçkisinin saxtalaşdırıldığını elan edən qurum bununla nəinki öz qeyri-ciddiliyini və qeyri-professional fəaliyyətini, həmçinin konkret sifariş yerinə yetirdiyini ortaya qoyur. Təsadüfi deyil ki, çoxsaylı erməni diaspor təşkilatları “Human Rights House”un tərəfdaşları kimi çıxış edir. Həmçinin bu qurumun Katibliyində maliyyə işlərinə də Saro Saroyan adlı erməni əsilli şəxs baxır.

“Azadlıq” radiosuna müsahibəsində Şəbəkənin Cenevrə Bürosunun rəhbəri Florian İrminger qeyd edir ki, Azərbaycanda hamı növbəti prezidentin kim olacağını bilir. F.İrmingerin diqqətinə çatdırıram ki, bu fakt, seçkilərin saxlatalaşdırılacağı barədə hansısa təxəyyül, illüziya məhsulu deyil, real olaraq Prezident İlham Əliyevin cəmiyyətdə yüksək reytinq göstəricisidir”.

E.Aslanov bildirib ki, sosioloji sorğular da Prezident İlham Əliyevin əhalinin mütləq əksəriyyəti tərəfindən dəstəkləndiyini, ona heç bir rəqib görülmədiyini, dövlət başçısının son 10 ildəki fəaliyyətinin seçicilər tərəfindən böyük rəğbətlə qarşılandığını nümayiş etdirir.

“Vətəndaşlar təbii olaraq, ölkənin dinamik inkişafı üçün cənab Prezident İlham Əliyevin fəaliyyətinin davamını arzulayırlar. Ona görə də Azərbaycanda kimin prezident olacağının indidən bilinməsində əsassız şəkildə qeyri-adi nəsə axtarmaq boş məşğuliyyət və demoqoqiyadan başqa bir şey deyil.

Təəssüflə deyə bilərəm ki, özünü insan hüquqlarının qoruyucusu kimi təqdim edən “Human Rights House” Şəbəkəsi Ermənistanın işğalçılıq siyasəti nəticəsində 20 ildən çoxdur ki, öz evinə qayıda bilməyən, fundamental insan hüquqlarından məhrum edilən 1 milyondan çox azərbaycanlı məcburi köçkün və qaçqın haqqında bir dəfə də olsun məsələ qaldırmayıb. Görünür, sifarişçilər üçün bu, maraqlı olmayıb”.

Prezident administrasiyasının rəsmisi vurğulayıb ki, Azərbaycan demokratik və hüquqi dövlət kimi seçkiləri də demokratik prinsiplər və qanunun aliliyi əsasında namizədlərə bərabər şərait yaratmaqla təşkil edir.

“Human Rights House” şəbəkəsinin Azərbaycanda guya jurnalistlər və insan haqları fəallarına təhdidlərin yaradılması, müxalifətin 20-ci sahədəki sanksiyalaşdırılmış etiraz aksiyasına hökumətin müdaxilə etməsi barədə iddiaları isə tamamilə cəfəngiyyat və yalandır.

Florian İrmingerin Azərbaycanda azad mətbuatın olmadığı barədə səsləndirdiyi fikirlərini elə yerli Azərbaycan mətbuatı tirajlayırsa, burada söz və fikir azadlığı ilə bağlı hər hansı müdaxilədən söhbət gedə bilməz.

Əlbəttə, o başqa mövzudur ki, bir sıra mətbuat orqanları heç bir jurnalist dəqiqləşdirmələri, araşdırmaları aparmadan bu tip şübhəli maliyyə mənbələri olan qurumların əsassız, qərəzli, böhtan xarakterli açıqlamalarını xüsusi həvəslə yayırlar.

Bir daha qeyd edirəm ki, Azərbaycan hakimiyyəti seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanları yaradıb, lazımi tədbirləri görür və qarşıdakı prezident seçkisi bunun əyani sübutu olacaq”.

OXŞAR XƏBƏRLƏR