10 iyulda xaricdən idarə olunan bəzi qüvvələr iğtişaş yaratmağa cəhd etdilər. Bu, dövlət və dövlətçiliyə qarşı atılmış ən çirkin addımdır. Lakin Azərbaycan dövləti nə dərəcədə güclü olduğunu bir daha göstərdi. Gəncədə baş verən hadisələrin əsas ideyaverici qüvvələrinin planı iflasa uğradı.
Əlbəttə ki, dövlətə sevgisi olan hər bir cəmiyyət üzvü bu məsələyə görə narahatdır. İctimaiyyət nümayəndələri Gəncə hadisələrini törədənlərə qarşı öz etirazlarını bildirdilər.
Politoloq Ramiz Alıyev bildirdi ki, belə bir hadisənin baş verməsinə görə hər bir vətəndaşımız olduqca böyük bir sarsıntı keçirdi: "Ölkəmizdə xalq ilə hakimiyyətin birliyi mövcuddur. Lakin bəzi adamların bir arzu və istəyi var, o da ölkəmizi xaosa çevirmək, dövlətimizi hansısa güclər qarşısında asılı vəziyyətə salmaq. Ancaq o cür cılız "siyasətçi”lər anlamırlar ki, xalqımız öz seçib dəstəklədiyi rəhbərinin yanındadır və nə olursa olsun, öz liderinə sadiqdir. Azərbaycan xalqı artıq bu cür provokasiyalara getmir və kimsə xalqımızı çirkin oyunların iştirakçısı edə bilməz”.
Ramiz Alıyev qeyd etdi ki, Gəncədə son baş verənlər dövlətimizə və xalqımıza qarşı atılan çirkin addımlardır: "Məqsəd dövlətçiliyimizə zərbə vurmaq və insanlarımızın xəsarət alması, düşmənlərimizin istəklərini rahat formada ölkəmizdə tətbiq etməkdir. Ancaq mən, xüsusən, qeyd etməliyəm ki, Azərbaycan polisi və digər hüquq-mühafizə orqanları bir daha xalqımızı və dövlətimizi qorumağa qadir olduqlarını və heç bir qüvvəyə xalq ilə dövlətimizin birliyini pozmağa imkan verməyəcəyini göstərmiş oldu. Azərbaycan polisi xalqımızın keşiyində möhkəm dayanıb, dövlətimizin zərər görməsinə heç bir zaman imkan verməyəcək. Şəhid olan polis zabitlərimizə bütün xalqımız üzüldü və hər kəs bu itkini özündə hiss etdi. Polis əməkdaşlarımızı şəhid edən o cinayətkarların ən ağır formada öz cəzalarını alacaqlarına əminik və bunu daxilində insanlığı ölməmiş hər kəs istəyir. İllərdir ölkəmiz və dövlətimiz üçün çalışan, xalqımızın keşiyində duran bu cür polis zabitləri şəhid etməyə heç kimin haqqı yoxdur”.