Bir müddət öncə tanınmış reper Hüseyn Dəryanın Azərbaycanı tərk etməsi xəbəri bütün medianı alt-üst etdi. Dərya o zaman verdiyi eksklüziv açıqlamasında bildirmişdi ki, Rusiyaya yola düşür və əgər danışıqlar baş tutarsa elə orada da qalacaq. Artıq həmin məsələnin üzərindən xeyli müddət keçib. Amma çoxlarının sevimlisi olan Dəryadan səs-soraq yoxdur. Bəs görəsən tanınmış reper haradadır? İndi nə işlə məşgul olur? Bu və digər suallara aydınlıq gətirmək üçün reperlə əlaqə yaratmağa çalışdıq. Amma onun heç bir nömrəsinə zəng çatmadı. Odur ki, Dəryanın axtarışına Rusiyada çıxdıq. Reperin Rusiyadakı nömrəsini tapıb onunla danışdıq.
Sizin Rusiya şou-biznesinə qatılacağınız, danışıqlar baş tutarsa, bir daha Azərbaycana dönməyəcəyiniz barədə xəbəri ilk olaraq “Mərkəz” yayımlamışdı. Hazırda Rusiyadasınız. Danışıqlar baş tutdumu?
- Danışıqlar hələ davam edir. İnşallah alınmaq üzrədir. Əlbəttə, ilk olaraq müqavilə bağlanacaq və onun şərtlərinə əsasən yəqin ki, vətəndə yaradıcılığımla məşğul ola bilməyəcəm. Amma müqaviləndə bir müddəti olur. Hər halda birdəfəlik gəlməmişəm bura.
- Hüseyn Dəryanın vətəni tərk edib yaradıcılığını Rusiyada davam etmək istəməsinin yerli şou-biznesdə mövcud vəziyyətdən inciməsi ilə əlaqəsi var.
- Şou-biznesdən yox öz doğmalarımdan inciyirəm. Başqaları klip fikirləşdiyi halda mən kirayə pulunun dərdini çəkirəm. Onlar heç vaxt mənim yanımda olmayıblar. Həmişə yanımda yalnız prodüserim İdris olub. Vəssalam. Mən yenə də onlara heç nə demirəm sadəcə çox sagolsunlar.
- Bütün şou əhlinə məlumdur ki, şou-biznesin yazılmamış qanunları var. Sizcə bu qanunları kim yazır?
- Şou-biznesin xüsusi ilə də repin qanunlarını heç kim yazmır. Özü formalaşır. Bu yolun istiqaməti müxtəlif olduğu üçün gedişatlar dəyişdikcə yeni tərzlər peyda olur. Qanunlar zamanın axarında formalaşır. Hər şey elə bundan ibarətdir.
- Hələ də Dərya özünü Azərbaycanın 1 nömrəli reperi hesab edir?
- Mən Rusiyaya yenə də sənətimə xatir gəlmişəm. Mənim təkrarolunmazlığım hələ çox çəkəcək. Nə qədər ki, sağam repin qiyməti mənimlə bağlı olacaq. Məndən sonra isə birdəfəlik silinəcək. Mən həmişə nömrə bilirəm rep aləmində.
- Dərya sənətinin ən yüksək zirvəsinə qalmağa ümid edirmi? Yoxsa artıq özünü orada hiss edir?
- Mən artıq zirvədəyəm. Sadəcə, bu zirvənin yeni dalğasının gəlməyinə az qalıb. Qayıdanda İnşallah görəcəksiniz.
- Keçmiş həyat yoldaşınız Sona xanım verdiyi müsahibəsində sizin onun həyatını puç eləməyinizdən danışıb. Buna münasibət bildirmək istərdinizmi?
- Bu haqda danışmaq istəmirəm. Ümumiyyətlə, mən Sona barədə açıqlama verməyəcəm. Nə indi, nə də gələcəkdə.
- Hazırda həyatınızda sevdiyiniz biri varmı?
- Mən elə bir insanam ki, istər həyatımda, istər sənətimdə yalnız qalmamışam. Belədir ki, biz yəni məşhurlar heç vaxt tək qala bilmərik. Həmişə sirdaşımız olub, olacaq da. Bunsuz yaşamaq mümkün deyil. Əhatəmiz qadınlarla doludur. Hər halda içərisində layiqliləri də çıxır.
- Süddən ağzı yanan qatığı üfləyərək yeyir. Əgər qarşısına layiqli bir xanım çıxarsa, Dərya yenidən ailə həyatı qura bilər?
- Evlənmək üçün imkan yox, layiqli bir ömür yoldaşı qarşına çıxmalıdır. Mənə o qadın lazım deyil ki, imaknım olanda yanımda olsun, imkansızlıq olanda məni tək qoysun. Elə qadınlar var ki, dara düşən kimi pəncərədən qovurlar. Layiqlisi çıxsa mütləq evlənəcəm.
- Hamıya məlumdur ki, siz artıq pis vərdişlərə bir dəfə qalib gəlmisiniz. Bəs çətinə düşəndə tənha qalanda zəiflik hiss etdiyiniz olurmu?
- Düzünü desəm siz deməsəydiniz yadıma düşmürdü. Nəisə…
P.S. Reperin sonuncu suala verdiyi cavab həm bizi sevindirdi, eyni zamanda da kədərləndirdi. Sualı verməkdə məqsədimiz onu alçaltmaq deyildi. İnsanın ən böyük fəlakəti ondadır ki, cismani istəkləri ruhani istəklərdən önə keçirir, iradəni saymır. Amma Hüseyn Dərya kamil insan kimi cismani istəkləri mənəvi istəklərinə asılı edib.
İnanırıq ki, bu iradəsi heç vaxt sarsılmayacaq.
merkez.az