"Paşinyanın İrana səfəri özəl səfər deyil, sadəcə Paşinyan İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasiminə qatılır. Məsələ burasındadır ki, Paşinyan mərasimə başqa vəzifəli şəxs də göndərə bilərdi. Paşinyan bu mərasimə şəxsən qatılmaqla İranla münasibətlərə verdiyi əhəmiyyəti göstərməyə çalışır”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Paşinyan İranda təxribat axtarışındadır:
"Ermənistan baş naziri Nikol Paşinyan vəzifəsini rəsmiləşdirdikdən sonra ilk xarici səfərini İrana reallaşdırır. Görünən odur ki, İranda yenidən təxribat axtarışındadır. Nikol Paşinyan 2018-ci ildə baş nazir kürsüsündə xarici siyasətlə bağlı ilk geniş nitqində İranın adını Rusiyadan çox çəkmişdi. Bu, təsadüfi deyil. Paşinyan İranla iqtisadi əməkdaşlığı genişləndirmək və birgə regional layihələri reallaşdırmağı arzulayırdı, alınmadı. Verilən vədlər təsdiqini tapmadı”.

Elxan Şahinoğlu qeyd edib ki, İbrahim Rəisi də Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalıdır:
"Nikol Paşinyan bu dəfə Tehranda geniş nitq söyləməyəcək, andiçmədə iştirak edib və İran rəsmiləri ilə görüşüb geri qayıdacaq. İbrahim Rəisi praqmatik siyasətçidirsə, Qarabağ məsələsinin Azərbaycanın xeyrinə bitdiyini anlamalı, ermənilərin İran üzərindən təxribatlarının qarşısını almalı və yeni xarici işlər nazirinə tapşırmalıdır ki, İranın Ermənistandakı səfiri qeyri-diplomatik hərəkətlər etməsin”
Aydın Nuri