‘İbrahimbəyov hər danışdıqca özünü bir az daha ifşa edir’ - Aydın Mirzəzadə

‘İbrahimbəyov hər danışdıqca özünü bir az daha ifşa edir’ -  Aydın Mirzəzadə
SİYASƏT
16:39 17.08.2013
1866

Sosial şəbəkələrdə Milli Şuranın sədri, Azərbaycan müxalifətinin prezidentliyə vahid namizədi Rüstəm İbrahimbəyovun video-müsahibəsi yayılıb. İbrahimbəyov 53 dəqiqəlik bu müsahibəsində Azərbaycan hakimiyyətini tənqid etməklə yanaşı, Azərbaycanın dövlət müstəqilliyini də pisləyib:

Formal şəkildə əldə etdiyimiz dövlət müstəqilliyi əslində ağır və acı nəticələr doğurur. Azərbaycanda təhsil və səhiyyə məhv edilib. Ölkədə bir dənə də kitab mağazası qalmayıb. Kinoteatrlar dağıdılıb. Ölkə aşınıb gedir. Bu dövlət müstəqilliyi bizə nə verdi? Biz yalnız sovet hakimiyyəti illərində olmayan şeyləri əldə etməyə nail olduq. Sovet vaxtı təhsilin səviyyəsi indikindən xeyli yüksək idi.

“Milli Şura” sədrinin Azərbaycan dövlət müstəqilliyə ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Məsələylə bağlı AZXEBER.COM-a danışan millət vəkili Aydın Mirzəzadə R.İbrahimbəyovun Azərbaycanın dövlət müstəqilliyi əleyhinə səsləndirdiyi fikirlərdən təəccüblənmədiyini söyləyib. Millət vəkili, onun Azərbaycana qarşı hər zaman kinayəli münasibəti olduğunu və bunu öz müsahibələrində dəfələrlə büruzə verdiyini bildirib:

“Biz onun dilindən Dağlıq Qarabağı mübahisəli ərazi adlandırmasını, məcburi köçkünlərlə bağlı səsləndirdiyi fikirləri, son dövrlərdə isə onu tənqid edən jurnalistləri ağzından vurmaqla hədələməsini eşitmişik. İndi isə, onun Azərbaycanın dövlət müstəqilliyini formal adlandırmasına təəccüblənməli deyilik. Həmçinin, İbrahimbəyovun azərbaycanlı olmasına baxmayaraq, hələ də Azərbaycan dilində məhdud səviyyədə danışması onun Azərbaycana qarşı olan qeyri-səmimi münasibətindən irəli gəlir. Mən əslində onun bu qədər ciddiyə alınmasının əleyhinəyəm. Çünki İbrahimbəyov hər danışdıqca özünü bir az daha ifşa edir, bir az daha biabır edir. Kənardan bu adamı izlədikdə, adama elə gəlir ki, sanki o anti-azərbaycanlıların nümayəndəsidir”.

Qeyd edək ki, R.İbrahimbəyov müsahibəni rus dilində, Rusiya qəzetlərinin birinə verib. 

Əfsələddin Ağalarov
OXŞAR XƏBƏRLƏR