'İbrahimbəyovların son beşiyi ömrünün 74-cü ilində ərköyünlük edir'

SİYASƏT
16:25 20.06.2013
1912

Xalq yazıçısı, ictimai xadim Maqsud İbrahimbəyovun sədri olduğu Milli Sülh Komitəsinin plenum iclasında dövlət başçısı İlham Əliyevin prezidentliyə namizədliyi dəstəkləyən qərar qəbul olunub.Bu qərar Maqsud İbrahimbəyovun bir ziyalı, Xalq yazıçısı kimi hələ 1990-cı illərdən başlayaraq siyasi məsələlərdə soyuqqanlı mövqeyi ilə gündəmdə olan şəxsiyyətlərdən biri olduğunu nümayiş etdirir.

Ümumiyyətlə, il başlayandan əksər ictimai qurumlar prezident seçkiləri ərəfəsində keçirdikləri toplantılarda Prezident İlham Əliyevin namizədliyini dəstəklədiklərini bildiriblər. Təbii qarşılanan bu qərar, yalnız həmin sosial qrupların deyil, xalqın iradəsinin ifadəsi kimi ifadə olunur. Milli Sülh Komitəsinin də atdığı addıma təbii ki, bu aspektdən yanaşmaq lazımdır. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, M.İbrahimbəyovun kiçik qardaşı, kinorejissor Rüstəm İbrahimbəyov dönüklüyü ilə fərqlənir.

Belə ki, İbrahimbəyovların son beşiyi ömrünün 74-cü ilində ərköyünlük edərək bu vaxta kimi sərgilədiyi mövqeyə, ictimai statusa zidd addımlar atmaqla özünü də, yaxın çevrəsini də dilemma qarşısında qoyub. Müstəqillik tarixində Azərbaycan dövlətinin bütün titullarını əldə etmiş kinorejissor Rüstəm İbrahimbəyov, onun üçün təşkilat yaradılaraq tələyə salınmasından doğrudanmı xəbərsizdir? Rüstəm İbrahimbəyova ömrünün 74-cü ilində ən pis rejissor işinin müəllifi kimi tarixə düşmək lazım idimi?

Bilməyənlərə xatırladaq ki, öz şəxsi maraqları və mənfəətləri naminə hakimiyyətə üz çevirən, əqidəsindən dönən R.İbrahimbəyov əvvəlcə hökumət əleyhinə yaradılan “Ziyalılar Forumu” adlı təşkilatda birləşdi. Sonra isə bəzi xarici qüvvələrin ölkəmizlə bağlı məkrli planlarının tərkib hissəsi kimi yaradılan “Milli Şura” dedikləri qurumda təmsil olunaraq, bu təşkilatın sədri seçildi.

İndi R.İbrahimbəyova əqidəsindən niyə dönməsi ilə bağlı verilən suallar çoxdur. Amma çox təəssüf ki, Rüstəm İbrahimbəyov hələ də düşdüyü qaranlıq dünyadan xilas ola bilmədiyi üçün suallara da cavab vermək iqtidarında deyil. Çünki onun son iyirmi ildə keçdiyi yola, siyasi xəttinə nəzər salsaq, hazırkı mövqeyi ilə daban-dabana zidd olduğunun şahidi olarıq. Hər halda bir insan, ömrünün 74-cü ilində bütün keçmişi üzərindən xətt çəkirsə, bu zaman günahkar kimdir?

Əgər “Milli Şura” kimi təqdim olunan “rejissor işi” kimsə tərəfindən hazırlanıb Rüstəm İbrahimbəyova təqdim olunubsa belə, onun məsuliyyəti yenə də İbrahimbəyovun üzərinə düşür. R.İbrahimbəyovun ən pis rejissor işi kimi tarixə düşən “Milli Şura” ətrafında siyasi oriyentasiya məsələsinin bir aydan yuxarı mübahisələrə səbəb olması hər şeyi parlaqlığı ilə göstərmiş oldu. Avrointeqrasiya tərəfdarları ilə əleyhdarları uzun müddət toqquşdu və nəhayət, qərara gəldilər ki, bu məsələnin həll yolu referendumdur… Adama sual verərlər ki, o referendumu harada keçirəcəksiz? Siyasi oriyentasiya və vahid namizəd məsələsində aylardır ortaq məxrəcə gələ bilməyənlər dövlət idarəçiliyinə necə iddialı ola bilərlər? Sabah vəzifə bölgüsü uğrunda yaranacaq siyasi problemləri R.İbrahimbəyov film çəkməklə aradan qaldıra biləcəkmi?

Göründüyü kimi, fərqli İbrahimbəyovların düşüncələrindəki, mövqelərindəki ziddiyyət elə həddə gəlib çatıb ki, onu artıq sadə məntiqin köməyi ilə izah etmək mümkün deyil. Böyük qardaş dövlət başçısının namizədliyini dəstəkləyir, balaca qardaş əqidəsindən dönüklük nümayiş etdirir. Böyük qardaş Azərbaycan xalqının maraqlarından çıxış edir, balaca qardaş kimin maraqlarından çıxış edirsə də, hər halda o xalq deyil. R.İbrahimbəyovun titulları, pulu, biznesi və nəhayət, təkəbbürü kiməsə qulaq asmağa imkan verməsə də, heç olmasa, öz qardaşını eşitsin. Atalarımız da yaxşı deyib, “böyüyünü eşitməyən böyürə-böyürə qalar”.

Təbii ki, burada M.İbrahimbəyovun əsl ziyalı tipi, xalqına bağlılığı, dövlətinə sadiqliyi göz önündədir. Ona görə də hazırkı hakimiyyətin dövlət üçün səmərəli fəaliyyət göstərdiyini anlayır. Kiçik qardaş İbrahimbəyov da bunu bilir. Sadəcə, tora düşmüş “balıq” funksiyasında mövqeyini itirib.

//”Şərq” qəzeti

OXŞAR XƏBƏRLƏR