Martın 5-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşəbbüsü ilə "Təhsil sektoru”na həsr olunmuş sektorial görüş təşkil olunub. Tədbirin əsas məqsədi təhsil sahəsində fəaliyyət göstərən qurumlar, dövlət strukturları və sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, həmçinin sahədə mövcud aktual məsələlərin müzakirəsi olub.
Görüşdə ali təhsil müəssisələrinin rəhbərləri, dövlət qurumlarının nümayəndələri, sahibkarlar və təhsil sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev assosiasiyanın fəaliyyəti və sektorial görüşlərin məqsədi haqqında məlumat verib. O bildirib ki, bu cür görüşlər müxtəlif sahələr üzrə sahibkarların və mütəxəssislərin vahid platformada bir araya gətirilməsinə xidmət edir. Tural Mustafayev qeyd edib ki, təhsil sektoru ölkənin gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır və bu sahədə dövlət qurumları, ali təhsil müəssisələri və biznes nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, bu tip təşəbbüslər yeni layihələrin formalaşmasına və tələbələrin karyera imkanlarının genişlənməsinə də töhfə verir.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov təhsil sektorunda aparılan islahatlar və yeniliklər barədə fikirlərini bölüşüblər. Çıxışlarda ali və peşə təhsilinin inkişaf istiqamətləri, əmək bazarının tələblərinə uyğun kadr hazırlığı və tələbələrin məşğulluq imkanlarının artırılması məsələləri xüsusi vurğulanıb.
Tədbirdə həmçinin sponsor qurumların nümayəndələri də çıxış ediblər. Türk Hava Kurumu Universitetinin Bakı nümayəndəliyinin direktoru Fuad Hacıyev, "Pak Xalça” şirkətinin təsisçisi Vüqar Əhmədov və "Focus Optika” şirkətinin direktoru Məmmədemin İslamov təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verərək biznes və təhsil əməkdaşlığının əhəmiyyətindən danışıblar. Onlar bu istiqamətdə həyata keçirilə biləcək birgə layihələr barədə də təkliflərini səsləndiriblər.
Görüş zamanı təhsil sahəsində tətbiq olunan yeniliklər, tələbələrin karyera inkişafı üçün yaradılan imkanlar və dövlət–biznes–təhsil əməkdaşlığının perspektivləri ətrafında müzakirələr aparılıb. Tədbir iştirakçılar arasında fikir mübadiləsi və yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi ilə yekunlaşıb.



















































