“Bütün KİV-i İmişliyə dəvət edirəm, gəlin və hər şeyi özünüz görün”
Sosial şəbəkələrdə, müxalifət partiyalarının nəzarət etdiyi internet saytlarında İmişli rayonunda guya etiraz aksiyasının keçirilməsi barədə məlumatlar yerləşdirilib. İmişli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, saytlarda aksiyanı əks etdirdiyi deyilən fotolar və oradakı bina ümumiyyətlə, İmişli rayonunda yoxdur.
İcra başçısı Vilyam Hacıyev bildirib ki, İndiyə qədər rayonda o qədər insan bir yerə yığışmayıb: “Mən hər həftə kəndlərdə görüşlər keçirirəm. Rayonda o cür hadisə baş verməyib”.
İcra başçısı bu gün qəbul gününün olduğunu bildirib: “Bu gün qəbul günümdür. Sakinləri bir-bir qəbul etmişəm. Polis rəisi də yanımda olub. Həmişə olduğu kimi hamı da razılıqla gedib. Üç nəfər qadın mədəniyyət işçisi maaşla bağlı müraciət etmişdi. Onlar elektron imza gecikdiyi üçün maaşalarını ala bilməyiblər. Mədəniyyət İdarəsinin rəisi ilə danışdım, bu gün saat üçdən sonra maaşlarını ala biləcəklər”.
Vilyam Hacıyev İmişlidə hazırkı durumla tanış olmaq üçün bütün KİV nümayəndələrini İmişliyə dəvət edib: “Gəlsinlər hər şeyi öz gözləri ilə görsünlər”.
İmişli rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Vaqif Müslümov da bildirib ki, rayonda heç bir aksiya keçirməyib və heç kim saxlanılmayıb. Polis rəisi qeyd edib ki, rayonda aksiya keçirilməsi barədə bəzi mətbuat vasitələrində yayılan məlumatlar tamamilə yalandır: “Bu gün rayon icra hakimiyyəti başçısının qəbul günüdür. Hər dəfə olduğu kimi, bu gün də icra başçısı yerli sakinləri qəbul edib onların problemləri ilə maraqlanıb. Görüşdə mən də iştirak etmişəm. Görüş zamanı üç qadın subasma nəticəsində evlərinin qəzalı vəziyyətə düşdüyünü deyib, icra başçısından yardım istəyiblər. Həmin qadınlara izah olunub ki, bu barədə ərizə yazsınlar, məsləyə xüsusi komissiya tərəfindən baxılacaq və tədbir görüləcək. Görüş əsnasında bundan başqa heç bir hadisə baş verməyib. Rayonun polis rəisi kimi deyə bilərəm ki, İmişlidə vəziyyət tam nəzarət altındadır”.
V.Müslümov həmçinin qeyd edib ki, sosial şəbəkələrdə aksiyanın görüntüsünü əks etdirən fotoların İmişliyə heç bir aidiyyəti yoxdur: “Mən həmin şəkillərə baxmışam. O şəkillərin nə vaxt və harada çəkildiyi heç məlum da deyil. Onu deyə bilərəm ki, şəkildəki görüntünün İmişliyə heç bir aidiyyəti yoxdur”.