İcra başçısı “Space”in müxbirini işdən qovdurdu - “Mənə hədə-qorxu gəldilər”

İcra başçısı “Space”in müxbirini işdən qovdurdu - “Mənə hədə-qorxu gəldilər”
SOSİAL
10:23 06.10.2016
2838
Space TV-nin müxbiri Gündüz Məmmədov işdən çıxarılıb.
 
AZXEBER.COM xəbər verir ki, jurnalist bu barədə sosial şəbəkədə yazıb. G.Məmmədov iddia edir ki, rəhbərlik onu Bərdə rayonunun icra başçısı Vidadi İsayevin göstərişi ilə işdən uzaqlaşdırıb:

"Bir neçə gün öncə çalışdığım Space televiziyasından ayrıldım. İşdən çıxma səbəbim mənə qarşı edilən haqsızlıq idi. Mənə verilən tapşırığı yerinə yetirmək üçün üz tutdum çəkiliş məkanına. Məsələ isə pambıq əkən fermerlərin qəbul məntəqəsi tərəfindən aldadılması idi. Pambığın pulunu fermerlərə 50 qəpikdən deyil, 46 qəpikdən vermişdilər. Müsahibələr götürdüm. Aldadılan fermerləri danışdırdım. Sonra üz tutdum sözügedən zavoda. Ancaq orada mənə müsahibə verən tapılmadı. Daha sonra Bərdə rayon İcra Hakimiyyətindən birinci müavin mənə zəng vurdu ki, başçı səni çağırır. Getmək istəməyəndə mənə hədə-qorxu gəldilər. Məcbur getməli oldum. Başçı Vidadi İsayevin otağına daxil olan kimi mənə dedi ki, "artıq tapşırmışam, səni işdən çıxarıblar”. Belə də oldu. Rəhbərlik heç bir əsası olmadan, icra başçısının sözü ilə işdən on beş gün kənarlaşmağımı istədi. Mən isə mənə atılan böhtanla razılaşmayıb, ərizəmi yazdım və işdən çıxdım. Mən bu haqsızlığın tezliklə aydınlaşmasını istəyirəm”.

Gündüz MƏMMƏDOV
 



OXŞAR XƏBƏRLƏR