Azərbaycanda icra hakimiyyətləri ləğv olunur? - Yeni idarəetmə modeli gündəmdə

Azərbaycanda icra hakimiyyətləri ləğv olunur? - Yeni idarəetmə modeli gündəmdə
SİYASƏT
14:51 06.01.2026
778
Dünən Prezident İlham Əliyevin çıxışında həm məmur özbaşınalığına, həm də mövcud idarəetmə modellərinə diqqət çəkildi. Dövlət başçısı bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq edilən idarəetmə modeli gələcəkdə ölkənin digər bölgələrində, hətta bütün ölkə üzrə tətbiq oluna bilər.

Bu yanaşma icra strukturlarının ləğv edilməsi və ya onların Prezidentin xüsusi nümayəndəlikləri formatında birləşdirilməsi ehtimalını gündəmə gətirir. Prezidentin vurğuladığı dəyişikliklər məmur fəaliyyətinin daha ciddi nəzarət altına alınmasını, regionlarda isə vahid və səmərəli idarəetmə sisteminin formalaşdırılmasını hədəfləyir.

Milli Məclisin deputatı Razi Nurullayev mövzu ilə bağlı AZXEBER.COM-a açıqlamasında Prezidentin fikirlərində ciddi həqiqətlərin olduğunu bildirib:

"Prezident İlham Əliyev çıxışında məmur özbaşınalığına açıq şəkildə toxunmaqla çox ciddi mesaj verdi. Onun dediklərində böyük həqiqətlər var. Bu açıqlama icra strukturlarının mövcud formada fəaliyyətinin artıq sual altına alındığını göstərir. Bununla yanaşı, istərdim ki, struktur dəyişiklikləri köklü şəkildə aparılsın və islahatlar bir məmurun digəri ilə əvəzlənməsi təsiri bağışlamasın”.

Deputat qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli daha çevik və effektivdir:

"Bu modeldə qərarların qəbulu və icrası daha sürətlidir. Prezidentin xüsusi nümayəndəlikləri birbaşa məsuliyyət daşıdığı üçün idarəetmədə boşluqlar yaranmır. Halbuki icra hakimiyyətlərində uzun illərdir səmərəsizlik və məsuliyyətsizlik problemi mövcuddur”.

Razi Nurullayevin sözlərinə görə, icra strukturlarının ləğvi və ya birləşdirilməsi real görünür:

"Yeni idarəetmə modeli məmur–vətəndaş münasibətlərinin daha sağlam qurulmasına imkan verə bilər. Yaxın gələcəkdə bu yanaşmanın ölkə üzrə tətbiqi məntiqli və dəstəklənən addımdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR