İcra hakimiyyətlərində ixtisarlar davam edir: İşini itirənləri nə gözləyir?

İcra hakimiyyətlərində ixtisarlar davam edir: İşini itirənləri nə gözləyir?
SİYASƏT
16:47 11.03.2026
340
Son zamanlar dövlət strukturlarında, xüsusilə də icra hakimiyyətlərində aparılan struktur islahatları çərçivəsində işçilərin ixtisarı prosesi davam edir. Bu dəfə də Göyçay Rayon İcra Hakimiyyətində aparılan struktur dəyişikliyi nəticəsində 31 vəzifə ləğv edilib. 

Qeyd edək ki, bundan əvvəl də bir sıra rayon icra hakimiyyətlərində oxşar ixtisar və struktur dəyişiklikləri həyata keçirilmişdi. 

İqtisadçı-ekspert Elşən Bağırzadə AZXEBER.COM-a açıqlamasında deyib ki, bu məsələni daha geniş iqtisadi dəyişiklik kontekstində qiymətləndirmək lazımdır:

"Son dövrlərdə dövlət strukturlarında müşahidə olunan ixtisarları daha geniş iqtisadi dəyişiklik kontekstində qiymətləndirmək lazımdır. Azərbaycan uzun illər neft gəlirlərinin yüksək olduğu dövrdə dövlət sektorunda məşğulluğun geniş olduğu bir modelə malik idi. Lakin hazırda neft gəlirlərinin əvvəlki illərlə müqayisədə daha məhdud olduğu bir mərhələdə dövlət sektorunun daha səmərəli və çevik işləməsi məsələsi aktuallaşır. Digər mühüm amil isə dövlət idarəçiliyində sürətlə gedən rəqəmsallaşma prosesidir. Elektron xidmətlərin genişlənməsi, proseslərin avtomatlaşdırılması və dövlət xidmətlərinin rəqəmsal platformalara keçməsi bəzi sahələrdə əvvəlki qədər insan resursuna ehtiyacın olmadığını ortaya qoyur. Bu baxımdan müəyyən optimallaşdırma və ixtisarlar idarəetmənin modernləşdirilməsi ilə də bağlıdır”.

Ekspert qeyd edib ki, qısa müddətdə bu proses müəyyən sosial risklər yarada bilər:

"Bu proses müəyyən sosial risklər yarada bilər. İxtisar olunan şəxslərin bir hissəsi əmək bazarında dərhal yeni iş tapa bilməyə bilər və xüsusilə uzun müddət dövlət sektorunda çalışmış insanlar üçün özəl sektora keçid müəyyən çətinliklər yarada bilər. Bu da müəyyən dövr üçün işsizlik riskini artıra və bəzi ailələrin gəlirlərinə təsir göstərə bilər. Ancaq digər tərəfdən, əgər bu proses paralel olaraq özəl sektorun genişlənməsi, yeni bizneslərin yaranması və əmək bazarında yenidən ixtisaslaşma proqramları ilə müşayiət olunarsa, uzunmüddətli perspektivdə iqtisadiyyat üçün müsbət nəticələr verə bilər. Yəni dövlət sektorunun daha səmərəli olması və əmək resurslarının bir hissəsinin özəl sektora yönəlməsi iqtisadiyyatın daha dayanıqlı və diversifikasiya olunmuş inkişafına xidmət edə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR