Geyim və ətir insanın “vizit kartı”dır. 2013-cü ilin milyarderlərinin siyahısına nəzər salsaq, ilk sıralarda bu iki sektorun maqnatlarının adları gəlir. Əslində boşuna deyil. Kifayət qədər gəlirli sahə sayılan parfümeriya sektoru böhrana davamlı olmaqla bərabər, böyük itkilər vermədən, kiçik investisiya ilə qısa müddətdə varlanmağın ən asan yoludur. O baxımdan Azərbaycanda da bu biznes çoxlarını cəlb edib. Son 10 ildə ölkədə İnternet mağazalardan tutmuş, müvafiq markaların lokal distribütorlarına, eləcə də əmtəələrini müstəqil yayan distribütorlara (“L’Occitane” və ya “Yves Rocher”), şəbəkə marketinqinə (“Oriflame”, “Amway” və s.) qədər oturuşmuş parfümeriya biznesi formalaşıb. Dövlət içində “dərin dövlət” olan sözügedən satış mərkəzlərindən hətta 215.000 dollara, məhdud sayda (10 ədəd) istehsal edilmiş, “baccarat” brilyantından emal olunan şüşəsinin boynunda 5 karatlık brilyantla bəzədilən 18 ədəd qızıl halqalı “Clive Christian No.1” ətrinin saxtasını, dirəşəndə əsilini belə tapmaq mümkündür.
Sadəcə, sual yaradan məqam bir ətək pula rəğmən, ölkəmizdə satılan ətirlərin qoxusunun qalıcı olmamasıdır. Xarici ölkələrdə ətir mağazalarının 10 metrliyindən gələn xoş və kəskin, hətta başgicəlləndirici qoxunu bizim ətir şüşələrinin içində belə tapmaq mümkün deyil. Yerli ətriyyat mağazalarımız “əczaxana” qoxusu verir, söyləsək belə mübaliğə etməmiş olarıq. Görünür, sektorun maqnatları hələ də Patrik Züskindin “Ətriyyat” romanının qəhrəmanı Jean-Baptista Grenouille kimi 13-cü formulanı “tapa bilməyiblər”. Ya da bizi bahalı markaların ətirləri adı ilə aldadırlar…
Bu yazıda parfümeriya sektorunun “sirr”lərini açmağa çalışacağıq.
Burnumuzun duymadığı ətir qoxusu
Əvvəla, nəzər çatdıraq ki, Bakıda hər keyfiyyətdə, qiymətdə ətir tapmaq mümkündür. Çünki az qala hər tin başında bir parfümeriya mağazası var. Lakin bütün sahələrdə olduğu kimi, burada da ələnmə gedib. Doğrusu, bu, aparılan reklam kampaniyaları, mağazaların yüksək dizaynda təqdimatı sayəsində mümkün olsa da, artıq proses baş verib. Hazırda bazarda müştəri bolluğu baxımdan “İdeal”, “Sabina”, “Parfume De France”, “La Parfumerie” kimi mağazalar bazarın kuratoru sayılırlar. Təklif olunan qiymətlər hər nə qədər ölkədəki əməkhaqları siyasətinə, yaşayış səviyyəsinə, əhalinin gəlirlərinə uyğun olmasa da. Amma bu barədə bir qədər sonra. Qoxu hiss etmə duyğusu səhər saatlarında oyanıq olduğundan ətir almağın ən yaxşı zamanı da o vaxtdır. Bu prinsipə əsaslanıb yollandıq adını sadaladığımız mağazaların boy-boya düzüldüyü elit – xalq arasında “Torqovı” adı ilə tanınan Nizami küçəsinə. Nəinki mağazanın çölündə, içərisində belə parfumeriya qoxusu hiss etmədik. Qonşuluqdakı “Romantik” geyim mağazasının ənənəvi “osvijitel”inin iyi daha çox ətrafa yayılıb, nəinki rəfləri bəzəyən fransız markalı ətirlərin. “28 Moll” ticarət mərkəzində isə “Bazar store”dakı ərzaqların qoxusu “İdeal”ın bütün ətirlərinin qoxusunu məhv etmişdi. Mağazada xoşumuza gələn qoxunu axtarırıq. Üçüncü testeri istifadə etikdən sonra qərara gəlirik ki, qoxunu tapmaq ən azı uyğun qiyməti tapmaq qədər müşküldür. Testerlərdən çıxan mayenin qoxusu isə tibbi spirti xatırladır. Düzdür, ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır. Lakin spirt dozadan yuxarıdırsa, artıq qarışıqdan alınan məhsul ətir sayıla bilməz. Beynəlxalq təcrübəyə əsasən, ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunar. Ətriyyat mayelərinin əsas keyfiyyət göstəricilərindən biri də onların iyinin uzun müddət qorunub saxlanmasıdır. Ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya verdikdən sonra hiss olunur. Hansı ki, biz məşhur “İdeal” mağazalar şəbəkəsində bunun şahidi olmadıq.
Şişirdilən qiymətlər
Qiymətlərə gəlincə, konkret “İdeal”mağazasından ətir almaq üçün pul qabınızda ən azı 40-50 manatınız olmalıdır. Sıravi alıcıların daha çox aldıqları brendlər – “Chanel”, “Dior”, “Lancome”, “Guerlain”, “Bourjois”, “Calvin Klein”, “Collistar”, “Chopard”, “Gucci”, “Burberry”, “İsadora”, “Hugo Boss”, “Kenzo”, “Lacoste”, “Lanvin”, “Lumene”… dünyada mağazaların əsas satış həcmlərini formalaşdırsa da, bizdə sahibkarın müəyyən etdiyi qiymətlər orta statistik maaşa malik azərbaycanlının belə cib xərcinə uyğun gəlmir. Sual yaranır: qiymətlər sahibkarın beyninin məhsuludur, yoxsa satışa qədər çəkdiyi xərclərin maya dəyərinə təsirinin nəticəsi? Araşdırmalarımız göstərir ki, parfümeriya məhsullarına gömrük rüsumu da böyük deyil. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə rüsum da 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə etdikdə, yenə də qiymətlər “İdeal” mağazalarındakından aşağı olur. Bəs nədir qiyməti şişirdən? Ətirin gətirildiyi ölkənin bazarına nəzər yetirək: (“İdeal” nə qədər ətirləri birbaşa Fransadan gətirdiyini iddia eləsə də, əldə etdiyimiz məlumatlara görə, idxalın ünvanı Dubaydır). Dubayda “Lanvin” ətirinin 50 ml-lıq həcmdə olanı 6 dollardır. “İdeal”da həmin ətiri 30 manata belə almaq mümkün deyil. “İdeal” da 100 ml-si 169 manat təşkil edən “Escenrtric Molecules” şirkətinə məxsus “Molecule 01” ətri digər dükanlarda 50 manat (bu seriyadan olan ətirlərin qiyməti həmçinin, 170-350 manat arasında dəyişir), Dubayda 45 dollardır. Pərakəndə ticarət dövriyyəsinin mallar üzrə bölgüsünə əsasən, ətriyyat-kosmetika mallarının dövriyyəsi 0,67 faiz təşkil edir. Hansı ki, bu rəqəm heç də kiçik deyil. Göründüyü kimi, biznesin subyektləri kifayət qədər gəlir əldə edə bilirlər. Belə halda bahalı qiymət siyasəti yeritməklə sadəcə və sadəcə əhalinin cibinə girirlər. Ən pisi də odur ki, bazarın dövriyyəsi artdıqca bu bizneslə məşğul olanların gəlir əldə etmək ehtirasları da çoxalır. Və bu, həm qiymətlərdə, həm də keyfiyyətdə hiss edilir.
Ətrin həcmi artıqca spirtin qatqısı çoxaldılır
Problemin daha qabarıq tərəfi isə az həcmli ətirlərlə çox həcmlilər arasında böyük qiymət fərqinin olmamasıdır. Məsələn, “Lacoste Essential“ ətirinin 30 ml-ı ilə 50 ml-ı arasında 10 manat fərq var. (Fransanın özündə bu fərq 14-25 avro arasında dəyişir) Bəzi ətirlərdə isə vəziyyət daha təəcüblüdür. 40 ml-ı 90 manat olan ətirin 90 ml-nın satış dəyəri 100 manatdır. Səbəbi öyrənmək üçün satıcını soğu-suala tuturuq. Üz ifadəsi əsəbi forma alan xanım bizə “bu, adi haldır və heç bir səbəb yoxdur” deyə cavab verir. Əslində deyən lazımdır ki, “görünən dağa nə bələdçi”. Səbəb ətirlərin qoxusundan, daha dəqiqi, qoxusuzluğundan açıq-aydın hiss edilir. Həcm artdıqca, mayenin tərkibindəki sprit çoxalır. Ona görə də mağazalardakı 30-70% endirimlər, “1+1” kompaniyaları əsasən yüksək ml-lıq ətirlərə tətbiq edilir. Satıcılar müştərini böyük həcmli ətrin daha sərfəli olduğuna inandırmağa çalışırlar. Yeri gəlmişkən, bir daha xatırladaq: müqayisələr göstərir ki, xarici ölkələrdə ətirlərin ml-ləri arasında qiymət fərqi ciddi rəqəmlərlə ifadə olunur. Konkret olaraq, siz Dubaydan “Dior” ətrinin 50 ml-nı 30 ml-dən cüzi qiymət fəqri ilə sifariş verə bilməzsiniz. Bu arada onu da diqqətə çatdıraq ki, qaydalara (İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçiları xəbərdar edir) görə, ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik flakonlara qablaşdırılmalıdır. Amma baş çəkdiyimiz mağazalarda ətirlər 100, 150, 200 ml olan ml. olan şüşələrdə satılır.
Kreditlə satış
Bu gün “İdeal” parfümeriya mağazalar şəbəkəsi məhsullarının satışını təkcə nəğd ödəmə ilə deyil, bank vasitəsilə, yəni kreditlə də həyata keçirir. Alıcı təkcə baha qiymətə məhsul almır, üstəlik, bunun üçün banka yüksək faiz də ödəyir. Baxmayaraq ki, “Bank of Baku”nun kredit şərtlərində faizləri 0 kimi göstərir. Lakin gəlin, bir düşünək, hansı bank komissiya tələb etmədən, 36 aylıq kredit kartı açar? Xüsusilə söhbət “Bank of Baku”dan gedirsə, bu, heç inandırıcı deyil.
“Sabina” və “İdeal”ın özünəməxsus endirim şərtləri
“İdeal”-ın endirim kampaniyaları da diqqət çəkir. 2009-cu ildən endirim kartlarının tətbiqinə başlayan şəbəkənin kartlarının yararlıq “şərtləri” fantastikdir. Belə ki, mağazadan birdəfəlik 100 azn məbləğində alış-veriş etdikdə alıcı 5%-lik “Classic” endirim kartı sahibi olur. 350 azn məbləğində alış-verişə 10%-lik “Silver” endirim kartı, 600 azn məbləğində alış-verişə 15%-lik “Gold” endirim kartı, 1200 azn məbləğində alış-verişə 20%-lik “VİP” endirim kartı, 3500 azn məbləğində alış-verişə 25%-lik “Premium” endirim kartı təqdim edilir. Gəlin, indi hər alışın məbləğinin kartın balansına oturdulması adlı müştərinin tovlanmasına nəzər yetirək: Deməli, mağazalardan birdəfəlik 100 azn məbləğində alış-veriş etdikdə müştəri 5%-lik İDEAL endirim kartı alır. 5%-lik endirim kartınının balansı 600 azn həddinə çatdıqda şəbəkənin alıcıya yazığı gəlib endirimi 10% qaldırır. 5%-lik “Classic” endirim kartı 0 balansı olan 10%-lik “Silver” İdeal endirim kartına dəyişdirir. 10%-lik endirim kartının balansı 1400 azn həddinə çatdıqda müştəri 0 balansı olan 15%-lik “Gold” endirim kartı alır. 15%-lik endirim kartının balansı 3500 azn həddinə çatdıqda şəbəkə özü demiş, 20%-lik VİP endirim imkanı yaradır. 20%-lik endirim kartınının balansı 7500 azn həddinə çatdıqda, 25% endirim olunur. 20%-lik “VİP” endirim kartı 0 balansı olan 25%-lik “Premium” İdeal endirim kartına dəyişdirilir. ”Sabina”da da vəziyyət eyniyyət təşkil edir. Mağazadan 200 manatdan 499 manata qədər alış-veriş etdikdə 5%, 500 manatdan 1499 manata qədər alış-veriş etdikdə 10%, 1500 manatdan 3999 manata qədər alış-veriş etdikdə 15%, 4000 manatdan yuxarı alış-veriş etdikdə 20% güzəşt tətbiq edilir.
“Sabina”da endirim kampaniyalarından danışmağa belə dəyməz. Mağaza yayda alış-veriş edənlərə dondurma hədiyyə edir, qışda isə 10-35 faiz ətrafında endirim kampaniyaları həyata keçirir. Şəbəkənin fəaliyyətində yüksək endirim kampaniyasına rast gəlinməyib. “Parfüm de Frans”ın isə endirim kampaniyası zamanı etdiyi biznes səhvi dillərə dastan olub. Belə ki, mağaza bir müddət əvvəl Çində istehsal edilən “Düpont” ətirlərini endirim kampaniyası adı altında satışa çıxarmışdı.
“İdeal” müştərini necə aldadıb...
Bir qədər əvvəl sosial şəbəkələrdən birində Zaur Mustafayev adlı şəxs mart ayının 20-də “İdeal”da necə aldadıldığını statuslara daşıdı. Məlum oldu ki, “Hugo Boss Pure” ətiri adı ilə ona “after shave” satıblar. Z.Mustafayev məsələ ilə bağlı dəfələrlə mağaza və şəbəkənin menecerləri ilə əlaqə saxlasa da, ona soyuqqanlı şəkildə məhsulun üzərində təyinatının nə olduğunun yazıldığı bildirilib. Nəzərə alsaq ki, “İdeal”da məhsulların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərdədir, göründüyü kimi, şirkət məsuliyyəti üzərində atıb. Bunu görən müştəri İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edib. Müraciətdən dərhal sonra “İdeal” parfümeriya mağazalarinin direktoru İlqar Dadashov Z.Mustafayevlə birbaşa əlaqə saxlayıb. Və özünün iştirakı ilə “after shave”-nin ətirlə dəyişdirilməsini təmin edib. Hələ bir işçilərini danlayaraq şikayətçiyə hədiyyələr verib. Əslində ilk baxışdan “pozitiv addım” kimi görünən bu olay “İdeal” kimi böyük dövriyyəsi olan şəbəkə üçün biznes uğursuzluğu, müştərinin aldadılmaqdan sığortalanmaması deməkdir.
Saxta ətiri necə seçməli?..
Ətriyyat və kosmetika sektoru saxtalaşdırmaya açıq bazardır. Xüsusilə şəbəkələr müvafiq qanunun istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququ barədə tələbini (Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır) yerinə yetirməməklə məqsədlərini daha sərbəst reallaşdırırlar. Bəs saxta ətiri necə seçmək olar? Əvvəla, ətirlərin qutusunun altında birka olur. Orada seriya nömrəsi göstərilir. Bu nömrə qutunun özü ilə eyniyyət təşkil etməlidir. Bundan əlavə, ştrix koddakı ilk rəqəm istehsalçı ölkəni göstərməli, qutunun üzərindəki sellofan zədəsiz, nazik və səliqəli olmalıdır. Digər tərəfdən, maye bulanlıq olmamalıdır.
Publika.az