"Üç gün qabaq yaradılmış şikətə bəzən on milyon dollarlıq tenderlər verilir. Bu sahədə şəffaflıq təmin olunmalıdır. Bir manatlıq iş 5-10 manata gördürülür, sonra da deyirlər "gəlin qiymətləri artıraq”. O vəsaitlərdən səmərəli istifadə olunsa, heç qiymət artımına ehtiyac qalmaz”.
Deputat Qüdrət Həsənquliyev bu fikirləri parlamentdəki büdcə müzakirələrində söyləyib.
O, mənimsəmə faktları ilə əlaqədar cəzaların sərtləşdirilməsini zəruri sayıb: "Hesablama Palatası yoxlama aparandan sonra rəy verilir ki, filan qədər vəsait büdcəyə qaytarılır. Bu vəsaiti mənmsəyən insanlar qorxmalıdırlar ki, dövlət əmlakını taladıqlarına görə məsuliyyət daşıyacaqlar. Əks təqdirdə, onlar məsuliyyət daşımayacaqlarına görə talançılığa davam edəcəklər”.
Dövlət Neft Fondunun xaricdəki vəsaitlərindən 1 milyard manatın ölkəyə gətirildiyini xatırladan Q.Həsənquliyev qalan vəsaitlərdən bir hissəni də Azərbaycandakı banklarda yerləşdirməyə çağırdı: "Biz öz vəsaitlərimizin bir hissəsini gətirib öz bankımızda saxlamırıqsa, yerli banklara etibar etmiriksə, sadə vətəndaşlar niyə bu banklara etibar etməlidir? Xahiş edirəm, Elman müəllim aydınlıq gətirsin, həmin vəsaitlərin illik gəlirliliyi nə qədərdir? Bəlkə onlar burada saxlanılsa, daha çox gəlir gətirər. Banklar gedib xaricdən 7 faizlə kredit alırlar, sonra onu vətəndaşa 22 faizlə kredit verirlər. Belə çıxır ki, o vəsaitdən ancaq manatın kursunun sabit saxlanılması üçün istifadə olunur. Düzdür, bəzi mühüm layihələr üçün də vəsaitlər xərclənib və mən bu sahəyə kölgə salmaq istəmirəm. Bu gün real sektora pul lazımdır. Məsələn, dəmiryol sistemi tamamilə yenidən qurulmalıdır. Kənd təsərrüfatı, kimya təsərrüfatını yenidən qurmaq üçün vəsait lazımdır. Azərbaycan neft satır, amma avtomobil şinlərini xaricdən alırıq”.
Deputat "Qaçqınkom”un rəyinə istinad edərək 9 min qaçqın ailəsinin qəzalı binada yaşadığını xatırlatdı:"45 min insan hər an Füzuli qaçqınları kimi yanğınla üz-üzə qala bilər. Ona görə də gəlin, idman obyektlərinin tikintisini 2018-ci ilə saxlayaq, gələn il qaçqınlar üçün ev tikək”.
Q.Həsənquliyev bildirib ki, prezident sərəncamı ilə 5 min tələbənin xaricdə təhsil alması üçün dövlət proqramı qəbul edilmişdi. Amma bu il onların sayı 2700 civarında olub. Deputat ötən əsrin əvvəllərində xaricdə təhsil alan gənclərin Azərbaycan adına faydalı işlər gördüyünü, həmçinin ötən əsrin 70-ci illərində mərhum prezident Heydər Əliyevin də postsovet ölkələrinə oxumaq üçün tələbələri göndərdiyini xatırlatdı.
"Gəlin, gedək universitetlərə, sorğu keçirək, görəcəyik ki, bir nəfər də olsun, repetitor yanına getməyən tələbə yoxdur” - o, əlavə edib.
Ardınca deputat "Bu il büdcənin az qala 10 faizi, 1,6 milyard manat xarici borcların ödənilməsinə ayrılıb” - söylədi və bunu normal saymadı.
musavat.com