İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama

İl sonuna qədər pensiya artırıla bilər - Açıqlama
SOSİAL
20:32 06.07.2026
225
Azərbaycanda son illər müşahidə olunan inflyasiya və xidmət tariflərinin dəyişməsi pensiya təminatı mövzusunu aktuallaşdırıb. Artan yaşayış xərcləri fonunda vətəndaşların sosial rifahının qorunması məsələsi ictimaiyyətdə müzakirə olunur. Mövcud iqtisadi şəraitdə orta aylıq pensiya məbləğinin artırılma imkanları, dövlət büdcəsinin maliyyə yükü və iqtisadi amillərin bu qərarlara təsiri əsas təhlil mövzularındandır.

Mövzu ilə bağlı Demokrat.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, bu il ərzində böyük ehtimalla Azərbaycan hökuməti büdcə xərcləri və proqnozları üzrə müəyyən düzəlişlər edəcək, nəzərdə tutulan artımlar da reallaşacaq:

"Məlum qanuna edilən dəyişiklikdən sonra hökumət artıq ildə ən azı bir dəfə büdcə xərclərinə və proqnozlarına redaktə xarakterli dəyişikliklər edə bilər. Bu dəyişikliklər minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişləri də əhatə edir. Azərbaycanda iqtisadi artım tempinin aşağı səviyyədə qalması, gəlirlərin azalması və inflyasiya meyllərinin sürətlənməsi nəticə etibarilə vətəndaşların istehlak imkanlarında ciddi çətinliklər yaradıb. Belə bir şəraitdə hökumətin ilin sonuna qədər bu istiqamətdə yeni qərarlar qəbul edəcəyi gözlənilir”.

O əlavə edib ki, Prezident ötən ilin yanvar ayının 26-da müvafiq qanunu təsdiqləyib və həmin qanun bir illik müddəti əhatə edir:

"Artıq bu müddətin böyük hissəsi geridə qalıb. Növbəti aylarda hökumətin pensiya və orta aylıq əməkhaqqının baza hissəsi ilə bağlı müəyyən dəyişikliklər etməsi və artımların baş verməsi ehtimalı yüksəkdir. Buna görə də yaxın aylarda Azərbaycanda minimum əməkhaqqının, orta və minimum pensiya məbləğinin, eləcə də digər sosial ödənişlərin artırılması gözlənilən addımlar sırasında qiymətləndirilir”.
OXŞAR XƏBƏRLƏR