İlham Əliyev: “Azərbaycan güclü dövlətdir”

İDMAN
09:09 15.09.2012
1370
“Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdılar. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bizim komandamız 21 idmançı ilə təmsil olunub. İdmançılarımız medallar qazanıblar, toplam 12 medal. Elə idmançımız da var ki, bir neçə medal qazanıb. Bu da hesab edirəm ki, çox gözəl nəticədir, çox böyük qələbədir. Bizim komanda 27-ci yerdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medalımız var. Bu, doğrudan da böyük və tarixi qələbədir”.
AZXEBER.COM-un məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşdə deyib. Dövlət başçısının sözlərinə görə, paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya Oyunlarında iştirak edirlər. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılıb.
Prezident paralimpiyaçılarımızı böyük qələbə münasibətilə təbrik edib: “Siz bütün xalqımızı sevindirmisiniz, peşəkarlığınızı, Vətənə bağlılığınızı göstərmisiniz. Çünki idman qələbələrinin mənbəyi Vətənə, xalqa olan məhəbbət və sədaqətdir. Azərbaycan idman dövlətidir. Artıq mən bu barədə bir neçə dəfə fikirlərimi bildirmişəm. Həyat və sizin uğurlarınız bu sözləri bir daha təsdiqləyir. Çünki həm Olimpiya, həm Paralimpiya oyunlarında idmançılarımız şərəflə çıxış ediblər. Dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir. Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Londonda həm olimpiyaçılarımız, həm ondan sonra sizin bizə bəxş etdiyiniz o sevincli günləri, anları biz heç vaxt unutmayacağıq. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul edib”.
İlham Əliyev bəyan edib ki, Azərbaycan idmanda böyük uğurlara nail ola bilib: “İdman infrastrukturu yaradılır. Paralimpiyaçılar üçün 2008-ci ildə yeni idman kompleksi tikilib istifadəyə verilib. Mən xatırlayıram, Pekinə yola düşərkən biz sizinlə orada görüşmüşdük. Pekində də nəticələr yaxşı idi. Londonda isə nəticələr ən yüksək səviyyədədir. Biz artıq tanınmış idman dövlətlərinin arasında özümüzə layiq yer tapa bilmişik. Əlbəttə, bu qələbə bizi həm ruhlandırır, həm də onu göstərir ki, gələcəkdə bundan da böyük qələbələr olacaq. Çünki o da çox əlamətdar bir haldır ki, həm Olimpiya Oyunlarında, həm Paralimpiya Oyunlarında ildən-ilə qələbələrin sayı artır və komandalarımızın komandalar arasında yeri daha da yüksəlir. Yəni, bu, onu göstərir ki, dinamika var. Ona görə, vətəndaşlarımız bir növ bu vəziyyətə öyrəşiblər. Hər dəfə idmançılardan daha da böyük qələbələr gözləyirlər və haqlıdırlar. Amma, eyni zamanda, qələbə qazanmaq çox çətindir, çox böyük fiziki, mənəvi güc və peşəkarlıq tələb edir”.
Prezidentin sözlərinə görə, Azərbaycan idmançılarının qələbəsi dünyaya səs salıb və onu göstərib ki, qələbələrimiz təsadüfi xarakter daşımır: “Həm Olimpiya Oyunlarında, ondan sonra Paralimpiya Oyunlarında komandamız ən yüksək yerlərdədir. Dörd qızıl, beş gümüş, üç bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Siz bu qələbəyə layiqsiniz. Mən sizinlə və olimpiyaçılarımızla Olimpiya Oyunlarının ərəfəsindəki görüşü xatırlayıram. Biz sizi yola salarkən böyük ümidlərlə gələcəyə baxırdıq. Mən şəxsən əmin idim ki, siz bizi sevindirəcəksiniz, Azərbaycan xalqını sevindirəcəksiniz. Belə də oldu. Bu qələbə sizə layiqdir, bu qələbə Azərbaycana layiqdir, Azərbaycan da bu qələbəyə layiqdir. Azərbaycan güclü dövlətdir, dinamik inkişaf edən dövlətdir. Bütün sahələrdə uğurlarımız var, Azərbaycan bütün sahələrdə inamla irəliləyir. Azərbaycanın istər siyasi müstəvidə, beynəlxalq aləmdə, istərsə də iqtisadi sahədə uğurları artıq reallıqdır, dünya ictimaiyyəti bunu bilir və təqdir edir. Bəzi hallarda bizim təcrübəmiz öyrənilir, Azərbaycanda gedən proseslər nümunəvi xarakter alır”.
Sonra London Paralimpiya Oyunlarında uğur qazanmış idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi olub. Prezident İlham Əliyev mükafatları təqdim edib.

OXŞAR XƏBƏRLƏR