İlham Əliyev: 'Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük və tarixi hadisə idi'

SİYASƏT
23:47 27.05.2013
2117

“1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə qovuşurdu, Azərbaycan xalqı azadlığa qovuşurdu, Azərbaycan xalqının artıq öz dövləti var idi”,

Bu barədə Prezident İlham Əliyev “Buta” sarayında 28 May – Respublika Günü münasibətilə rəsmi tədbirdə çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, eyni zamanda, demokratik respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan verdi:

“Qısa müddət ərzində bu dövlətin qurumları, dövlət təsisatları yaranmışdı, demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdi, 3 aydan sonra Milli Ordu yaradılmışdı, bir sözlə, respublikanın qurucuları böyük işlər görmüşdü və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır, Bakının mərkəzində “İstiqlal bəyannaməsi”ni imzalayanların şərəfinə abidə ucaldılıb.

Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra respublika süqut etdi və Azərbaycan müstəqilliyindən məhrum oldu. Ondan sonra Sovet dövrü başlamışdır. 70 il biz Sovet İttifaqı tərkibində yaşamışıq. Biz azad deyildik, müstəqil deyildik, buna baxmayaraq, Azərbaycanda inkişaf prosesi gedirdi…”

Ölkə Prezidenti bu baxımdan hesab edir ki, o illər ərzində müsbət məqamlar da kifayət qədər çox idi.

Onun sözlərinə görə, ilk növbədə savadsızlığa qarşı mübarizə gözəl nəticələr vermişdi, yoxsulluq aradan qaldırılmışdı, işsizlik demək olar ki, yox idi, Azərbaycanda sənayeləşmə prosesi gedirdi.

“Xüsusilə 70 -ci illərdə bu proses daha geniş vüsət almışdı. Ancaq biz azad deyildik, müstəqil deyildik, başqa bir dövlətin tərkibində yaşamışdıq…

Və əlbəttə, həm müstəqillikdən məhrum idik, eyni zamanda, Sovet İttifaqında mövcud olan siyasi və iqtisadi sistem sürətli inkişaf üçün məqbul deyildi. Sovet İttifaqının süqutu bunun əyani sübutudur.

70-ci illərdə Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə böyük quruculuq işləri başlamışdı. İttifaqda müttəfiq respublikalar arasında Azərbaycan seçilirdi, fərqlənirdi, burada sürətli inkişaf gedirdi və biz bu sürətli inkişafı 93-cü ildən sonra da görəcəkdik…

Ancaq əfsuslar olsun ki, 80-ci illərin sonlarında- erməni separatizminin baş qaldırması dövründə respublikaya rəhbərlik etmiş insanlar öz vəzifə borcunu yerinə yetirə bilmirdilər, Azərbaycan tənəzzülə uğrayırdı və Sovet İttifaqı dağılanda burada vəziyyət çox ağır idi.

Siyasi xaos, hərc-mərclik, anarxiya, iqtisadi tənəzzül, sənaye demək olar ki, iflic vəziyyətdə idi, iqtisadiyyatımızın əsas sektoru olan neft sektoru da tənəzzülə uğrayırdı, hasilat getdikcə aşağı düşürdü və əlbəttə ki, 1991-ci ildə müstəqillik bərpa olunanda Azərbaycan deyə bilərəm ki, post-sovet məkanında ən ağır vəziyyətdə olan ölkə idi…”, – deyə, ölkə Prezidenti çıxışı zamanı sözlərinə əlavə edib.

OXŞAR XƏBƏRLƏR