Prezidentin xarabalıqlar üzərində qurduğu Yeni Ağdam, dünyanın ən böyük muğam mərkəzi və məğrurluğun qürur kövrəkliyi...
2020-ci ilin 23 noyabrı...
Ağdamın azadlığının üçüncü günü…
Müzəffər Ali Baş Komandan Sərkərdə qüdrəti - Diplomat məharəti ilə xilas etdiyi Ağdamdadır və düşmənə meydan oxuyur: "Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş qorxaq damğası ilə yaşayacaqsınız”…
Tarixboyu Qarabağda ermənilərin gözünün odunu alan, onların ən çox qorxduğu Ağdamda İlham Əliyev bu KİŞİLİK dərsini, ZƏFƏR mesajını verməklə yanaşı, Ermənistana Ağdamı və Ağdamın timsalında külli-Qarabağı yenidən onlara gözdağı kimi yaradıb-quracağının xəbərdarlığını edirdi…
Zamana meydan oxuyan Lider və şəhər
Aradan cəmi 4 il 6 ay ötüb…
Müzəffər Sərkərdənin qətiyyət və cəsarəti Xilaskar Liderin quruculuq və inkişaf siyasətinin təməli olaraq, daşı-daş üstündə qalmayan Ağdamı Qafqazın ən böyük tikinti meydanına – Qarabağın intibah cənnətinə çevirib.
Prezidentin Mehriban xanım Əliyevanın müşaiyəti ilə Ağdama etdiyi səfərlərin sayı 30-a yaxınlaşır. Hər səfər onlarla obyektin bünövrəsinin qoyulması və xeylisinin də istismara verilməsi ilə yadda qalır.
İlham Əliyev yeni Ağdam qurur - əvvəlkindən daha abad, daha müasir, daha varlı, daha şanlı...
İşğaldan öncə onilliklər boyu əldə etdiyi «Qarabağın mərkəzi» statusunu Ağdam indi Xilaskarı İlham Əliyevin sayəsində cəmi 4-5 ilə qazanıb. Ağdam İlham Əliyevin təəssübkeşliyi ilə şəhər simasını hər gün dəyişir, gözəlləşdirir, təkmilləşdirir.
Ağdam İlham Əliyevlə birgə Zamana meydan oxuyur…
Zatən İlham Əliyevin fəaliyyət təqvimindəki gün təsnifatı adi təqvimin ay göstəricisinə bərabərdir. Zamanı qabaqlayan Liderlə birgə elə Ağdam da tərəqqi və inşaat dinamikasına görə zamanın çox önündədir.
Bu gün məmləkətin dörd bir yanında İlham Əliyevin Prezidentlik fəaliyyətinin uğur təcəssümləri boy göstərir. Ancaq Ağdamın hər qarışında, hər küçəsində, hər döngəsində İlham Əliyevin quruculuq imzaları daha aydın, möhtəşəm görünür.
İlham Əliyev Ağdamı dünyanın ən müasir, ən modern, ən abad şəhərlərindən, rayonlarından biri kimi qurur və qlobal, həm də milli şəhərsalma standartlarının ən innovativ yeniliklərini burada tətbiq edir.
İlham Əliyev Ağdamı yalnız «ağıllı şəhər» kimi inşa etmir, həm də öz Liderlik İntellektinin Zəfər Qalası tək – iqtisadiyyat, logistika, mədəniyyət, maarif mərkəzi kimi yaradır…
Dünyanın ən böyük muğam mərkəzi Ağdamdadır
Bəşər inciləri sırasında qərarlaşan, milli mənəviyyatımızın çoxəsrlik rəmzi olan muğamın ən böyük məbədəni də Prezident məhz Ağdama nəsib etdi. Dünyanın ən böyük muğam mərkəzini İlham Əliyev Ağdamda istifadəyə verdi.
Bu, həm də Qarabağ – Ağdam irsinin fədakar və cəfakeş himayədarı Mehriban xanım Əliyevanın öz xalqına növbəti hədiyyəsi idi...
Muğam elə Azərbaycan deməkdir. Bu məmləkət, bu xalq özünü muğamda tapır. Muğam dünyanın harasında səslənsə, orada daim Azərbaycan – Qarabağ görünüb, indi isə həm də Zəfər görünür.
Şanlı tariximiz olan muğam Mehriban xanın Əliyevanın örnək vətənsevərliyi ilə günümüzün mənəvi istinadgahına çevrilib, sabahımızın isə milli mədəniyyət vizyonu kimi qəbul olunur.
İrsimizin tarixdən bu günə və sabaha manesiz keçidinin sarvanları olan Prezident və Mehriban xanım muğamı gələcək nəsillərə Mənəviyyat Prioriteti kimi ötürür, Azərbaycan soy-kökünün, milli kimliyinin genetik kodları kimi yaşadırlar.
…IX mövsümü başlayan Muğam müsabiqəsinin ötən günkü yayımında bir məqam özünü qabarıq birüzə verdi. Hər kəs – zaldakı tamaşaçılar, münsiflər və iştirakçılar, əslində isə müsabiqəni Azərbaycan Televiziyası ilə izləyən insanlar hələ də Prezidentin Ağdama son səfərinin təəssüratları altında idi. Görünən odur ki, bu xoş duyğular uzun zaman yaşayacaq.
İlham Əliyevin Muğam Mərkəzinin açılışındakı çıxışı və görüşləri, həmçinin Kəngərlidəki təmasları protokol qaydalarından, rəhbər-vətəndaş rəsmi ünsiyyətindən tam fərqli formada, saf və təmiz səmimiyyət ovqatında idi.
Çünki Ağdamın və ağdamlıların timsalında bütün xalq İlham Əliyevi Prezidentlikdən qat-qat yüksək statusda - Xilaskarı kimi görür və bu münasibətini də hər imkanda ifadə edir…
Ağdamın və ağdamlıların timsalında bütün xalq İlham Əliyevi həm dünyanın ən böyük azərbaycanlısı, həm də dar günün ən yaxın dostu, ən böyük himayədarı, ən sadiq həmdəmi – özündən biri kimi qəbul edir…
Ağdamın və ağdamlıların timsalında bütün xalq İlham Əliyevi Ali Sadəlik rəmzi kimi tanıyır…
Bu millətin hər bir fərdindən, bu məmləkətin hər bir qarışından güc alan İlham Əliyev Ağdamdan isə hər dəfə daha böyük motivasiya, enerji ilə dönür – Kəngərlidə, Muğam mərkəzində buna bir daha şahid olduq.
Prezidentin buradakı çıxışları, insanlarla görüşləri səmimiyyətin və qarşılıqlı inamın zirvə anı idi. İnsanlar öz Xilaskarına hazırlanmış mətnlərlə deyil, ütüsüz, qəlibsiz ürək sözləri ilə müraciət edir, şən zarafatları kövrək duyğular əvəzləyirdi…
Bəzən həyacandan «sən» deyənləri Prezident sevgi ilə bağrına basırsa, - demək, siyasətdən uzaq əsl Millət Sevgisi elə budur!
İlham Əliyevin öz xalqına fəda etdiyi ömür
Prezident yalnız ağdamlılara, öz xalqına yox, bütün dünyaya mesaj verirdi: xarabalığın qısa müddətdə cənnətə çevrilməsinin, ümumxalq məhəbbətinin necə qazanılmasının, əsl Liderlik təcəssümünün ən parlaq nümunələrini sadə həqiqətlə nümayiş etdirirdi!
Prezident də, ağdamlılar da həmişəki kimi olduqları kimi göründülər, göründükləri kimi oldular…
Prezident, eləcə də Mehriban xanım Ağdam səfərində dəfələrlə kövrəldilər…
İlham Əliyevin Müzəffər Sərkərdəliyinin himninə çevrilən «Bayatı-Şiraz», «Qarabağ şikəstəsi» və digər muğam inciləri səslənəndə, şəhidlər anılanda, ən əsası Ağdamın – Azərbaycanın sabahından danışılanda Prezidentin həzin kövrəkliyini məğrurluğun qürur kövrəkliyi müşayiət edirdi.
Həm də Prezidentin öz xalqına fəda etdiyi ömrə Ağdamda verilən yüksək dəyərin səmimiyyətindən idi İlham Əliyevin kövrəkliyi…
İlham Əliyev ağdamlıların 27 ildə çəkdikləri vətəndə vətənsizlik zillətini, zülmünü bir sözlə - "Ağdam bizimdir!” ifadəsi ilə unutduran liderdir!
İlham Əliyev mümkünsüzü mümkün edərək, ağdamlıları yurdlarına döndərən qəhrəmandır!
İlham Əliyevin Ağdamı bir güllə atmadan azad etməsi böyük şücaətdir. Fəqət bir məqamı da unutmayaq. Ağdamın təcavüzünə düşmənin rayonu tərk etməsi ilə son qoyulmadı. İlham Əliyev Ağdamın bir parçasını Suqovuşanda, Hadrutda, bir qismini Cəbrayılda, Qubadlıda, böyük hissəsini isə Şuşada azad etdi!
İlham Əliyevin Ağdam boyda nəhəng, əziz, səmimi evi…
İlham Əliyevin Ağdam məscidinə Məkkədən gətirdiyi "Qurani-kərim”i bağışladığı an 6 mindən artıq ağdamlı şəhidin əziz ruhu ilə yanaşı, Heydər Əliyevin də müqəddəs ruhu böyük rahatlıq tapdı!
İlham Əliyev Ağdama azadlıq bəxş etməklə 6 mindən artıq şəhidimizə olan borcu hamımızın əvəzindən ödədi!
İlham Əliyevə həm də ona görə borclu və minnətdarıq ki, körpələrimiz artıq Ağdamda dünyaya gələcəklər, Ağdamda iməkləyib, ilk addımlarını atacaqlar - bundan böyük xoşbəxtlik varmı?!
Dünyadan köçənlərimizi artıq köçkün qəbiristanlıqlarında deyil, dədə-baba yurdlarımızın məzarlıqlarında dəfn edəcəyik - ölülərimizin də artıq pərən-pərən düşməyəcəyindən böyük təskinlik varmı?!
İlham Əliyevin "Ağdam Azərbaycandır!” sədası əsrlərboyu Ağdamın himninə, marşına çevriləcək, yüzminlərlə ağdamlının əbədi şükranlıq duası olacaq!
İlham Əliyev heç vaxt Ağdamda qonaq sayılmayacaq, onun Ağdam boyda nəhəng, əziz, səmimi bir evi olacaq!
Bu evi indi Onun özü qurur – böyük sevgi, həssaslıq və qayğı ilə!
Nə qədər ki Ağdam var, ağdamlılar yaşayır, xilaskarlarımıza - Heydər Əliyev irsinə, İlham Əliyev şəxsiyyətinə bu yurdun sədaqəti, vəfası, bağlılığı var olacaq!
İlham Əliyev adı Azərbaycan tarixində bundan sonra Ağdam, Şuşa, Xocalı, Xankəndi, Xocavənd, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı qədər - Qarabağ qədər, Zəngəzur qədər əbədi olacaq, zirvədə olacaq, möhtəşəm olacaq!..
İxtiyar Hüseynli