İlham Əliyev: “İstəyirəm ki, Azərbaycan vətəndaşları rahat yaşasınlar”
SİYASƏT
02:30 18.08.2013
1687
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qaxda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.AZXEBER.COM Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.Kompleksin təməli 2008-ci il sentyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qaxa səfərlərindən və idmanın inkişafına göstərdikləri qayğıdan bəhs edən fotoguşələr yaradılıb.Gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, son illərdə Qaxda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqətin göstərilməsi, xüsusilə də bu cür qurğunun istifadəyə verilməsi rayonda gənclərin idmana olan maraq və həvəslərini daha da artırıb. Məlumat verildi ki, Qax Olimpiya İdman Kompleksinin ümumi tikinti sahəsi 9 min 220 kvadratmetr, tikintialtı sahəsi 6 min 498 kvadratmetr, yaşıllaşdırma sahəsi isə 8 min kvadratmetrdir. Layihəyə əsasən ümumi sahəsi 3 min 655 kvadratmetr olan universal idman zalı binasında tamaşaçı yerlərinin sayı 480-dir. Burada iki soyunub-geyinmə, məşqçi və digər otaqlar var. İnzibati binanın birinci mərtəbəsində gənclərin informasiya mərkəzi, məlumat-qeydiyyat bölməsi, 40 nəfərlik kafe, həkim və inventar, eləcə də texniki otaqlar fəaliyyət göstərir. İkinci mərtəbədə şahmat otağı, trenajor zalları, bilyard və stolüstü tennis otağı yaradılıb. Universal idman zalında Danimarkanın "Junkers" firmasının istehsalı olan xüsusi döşəmə salınıb. Kompleksdə müasir standartlara uyğun 410 yerlik üzgüçülük hovuzu da yaradılıb. İkinci mərtəbədə, həmçinin idmançılar üçün istirahət otaqları var. Kompleksin ərazisində ikimərtəbəli beş kottec inşa edilmişdir. Müasir mebel və avadanlıqla təchiz olunan hər bir kottec binası dörd otaqdan ibarətdir.Məlumat verildi ki, kompleksdə süni ot ürtüklü futbol stadionu da tikilib. Eyni zamanda, stadionda üstüörtülü min tamaşaçı yerlik tribuna inşa edilib, məşqçi və hakim otaqları yaradılıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Bundan əlavə, kompleksin ərazisində basketbol, voleybol və tennis meydançaları var.Olimpiya İdman Kompleksi ilə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev, Qaxda çox əlamətdar bir gün olduğunu bildirdi: "Biz gözəl Olimpiya Mərkəzinin açılışına toplaşmışıq, gözəl mərkəzdir. İndi tanış oldum, görürəm ki, bütün imkanlar vardır. Gənclər, uşaqlar idmanla məşğul olacaqlar, yaşlı nəslin nümayəndələri də istifadə etməlidirlər, bütün şərait vardır. Bilirəm ki, Olimpiya Kompleksinin tikintisi Qax sakinlərinin çoxdankı arzusu idi və artıq bu arzu reallaşıb. Əminəm ki, burada məşğul olacaq idmançılar Azərbaycanın idman şöhrətini yüksəklərə qaldıracaqlar. Gələcək Olimpiya, dünya çempionları burada yetişəcək və beləliklə, Azərbaycan idmanı inkişaf edəcəkdir.Əlbəttə, belə komplekslərin tikintisi, ilk növbədə, idmanın kütləviliyini təmin edir. Əlbəttə ki, çempionlar da, rekordlar da lazımdır. Ancaq, ilk növbədə, gənclər gərək idmanla məşğul olsunlar ki, sağlam olsunlar və sağlam həyat tərzi sürsünlər. Buna görə ölkəmizin müxtəlif yerlərində belə komplekslər tikilir. Artıq Azərbaycanın regionlarında 39 Olimpiya mərkəzi vardır. Beləliklə, Qaxda da idmanla gözəl şəraitdə məşğul olmaq üçün bütün imkanlar vardır. Bu gün mən digər tədbirlərdə də iştirak edəcəyəm. Bu tədbirlər də rayonun ümumi inkişafını göstərir. Rayonda turizmin potensialı çox böyükdür. Bu potensialdan səmərəli istifadə etmək üçün əlbəttə ki, kompleks tədbirlər lazımdır. Bu gün Şəki-Qax avtomobil yolunun açılışını da qeyd etdik. Bu yol, ilk növbədə, insanların rahatlığı üçün tikilmişdir. Eyni zamanda, məsafə böyük dərəcədə qısalır. Beləliklə, turizmin inkişafı, Bakı ilə Qax arasındakı məsafəni azaltmaq üçün çox gözəl imkanlar vardır. Bu, böyük investisiya layihəsidir və tamamilə yeni bir yol çəkilmişdir. Beləliklə, Qaxa gediş-gəliş daha da rahat olacaqdır. Yolun açılışında növbəti təklif də verildi ki, biz Qax-Zaqatala yolunu da tikək. Bu imkanlar vardır. Onu da biz yəqin ki, gələn ilin investisiya proqramına salacağıq".Qaxın çox gözəl təbiətinin və gözəl iqliminin olduğu söyləyən Azərbaycan Prezidenti, bunların turizmin inkişafı üçün böyük potensial olduğunu qeyd etdi: "Bütün bu şimal-qərb zonasının turizm imkanları çox genişdir. Əminəm ki, gələcəkdə bu istiqamətdə daha da böyük işlər görüləcəkdir. Nəzərə almalıyıq ki, Qaxın əsas infrastruktur layihələri də öz həllini tapmaqdadır. Bu gün, biz eyni zamanda, içməli su layihəsinin də istifadəyə verilməsini qeyd edəcəyik. Yəqin ki, bütün başqa rayonlarda olduğu kimi, Qaxda da içməli su problemi insanları narahat edirdi. Son bir həftə ərzində bir neçə şəhərdə içməli su layihələri həyata keçirildi. Kürdəmirdə, İsmayıllıda, Oğuzda, bu gün isə Qax rayonunda. Yəni, iki həftə ərzində dörd şəhərin onilliklər boyu yığılıb qalmış problemi öz həllini tapıb. Bu problemin həlli də Azərbaycan dövlətinin gücünü göstərir, Azərbaycan hökumətinin sosial siyasətini əks etdirir. Çünki mən həmişə qeyd edirəm ki, bu layihələrə qoyulan vəsait sırf sosial xarakter daşıyır. Azərbaycanın artan iqtisadi gücü, maliyyə imkanları, ümumiyyətlə, ölkəmizdə gedən inkişaf bizə imkan verir ki, bu layihələri icra edək"."Bu gün Qaxda, eyni zamanda, Heydər Əliyev Mərkəzinin açılışını da qeyd edəcəyik. Bu da çox önəmli hadisədir" - deyən İlham Əliyev vurğuladı ki, əvvəlki illərdə burada olarkən biz Qaxın müasirləşməsi və eyni zamanda, qədim tarixin qorunması layihələrini də müzakirə etmişik: "İçəribazar küçəsi gözəl küçədir və həm rayon sakinləri, həm qonaqlar üçün çox böyük maraq kəsb edən bir layihədir. O vaxt mən tövsiyə etmişdim ki, bizim qədim şəhərlərimizdə qədim tarixi bərpa etmək üçün təşəbbüslər irəli sürülsün. İçəribazar layihəsi o təşəbbüslərin sırasındadır. Çünki tarixdə belə yerlər olub və o küçə boyu yerləşən binalar qədim binalardır. Onlar qorunur, bərpa olunur, turistlər üçün maraq doğurur. Rayon mərkəzinin abadlaşması prosesi də çox uğurla gedir. Mən xatırlayıram, ilk dəfə Qaxda olarkən mənzərə tam başqa idi. Son dəfə olanda gördüm ki, hər yerdə abadlıq, quruculuq işləri gedir, ağaclar əkilir, yollar genişlənir, binalar bərpa olunur. Bu məni çox sevindirir və əminəm ki, sizi də. Çünki siz burada yaşayırsınız və sizin həyatınız burada keçir. Mən çox istəyirəm ki, Azərbaycan vətəndaşları yaşadıqları yerlərdən asılı olmayaraq, rahat yaşasınlar, xoşbəxt olsunlar. Bütün lazımi şərait olsun. Çalışırıq ki, bunları yaradaq. Yollar, su xətləri, qazlaşdırma, sosial obyektlər, məktəblər.Azərbaycan dövləti daim öz vətəndaşının maraqlarının keşiyindədir. Bunu həyat göstərir. Eyni zamanda, üzləşdiyimiz təbii fəlakətlər də göstərir ki, fəlakətlər baş verdikdə Azərbaycan dövləti öz vətəndaşını darda qoymur, onun problemlərini həll edir. Deyə bilərəm, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, vətəndaşlar üçün dövlət hesabına evlər tikir. Zəlzələ zamanı, zəlzələdən sonra burada olarkən mən demişdim ki, dövlət daha yaxşı evlər, binalar tikəcəkdir və belə də oldu. Bax, bu zonada - Zaqatalada, Qaxda, Balakəndə, Şəkidə zəlzələyə məruz qalmış evlər təmir olunur. Demək olar ki, onların mütləq əksəriyyəti artıq yenidən tikilmişdir. Bu da Azərbaycan reallıqlarıdır.Azərbaycan müasir dövlətdir, iqtisadiyyatımız bazar iqtisadiyyatı prinsipləri üzərində qurulubdur. Amma, eyni zamanda, biz sosial dövlətik. Sosial dövlət o deməkdir ki, insan amili, Azərbaycan vətəndaşı, onun maraqları, onun rifahı siyasətimizin mərkəzindədir. Belə gözəl obyektlərin tikintisi də bu məqsədi güdür. Əminəm ki, bu Olimpiya Mərkəzi qaxlıların xidmətində olacaqdır. Sizi bir daha salamlayıram və bu hadisə münasibətilə təbrik edirəm".