İlham Əliyev: 'Ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir'

İQTİSADİYYAT
11:50 01.03.2013
1810

Azərbaycan dövləti uğurla inkişaf edir və biz bu inkişafı Qəbələ rayonunun timsalında açıq-aydın görürük.

AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qəbələdə Mədəniyyət Mərkəzinin açılışında deyib.

Dövlət başçısı qeyd edib ki, burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri uğurla icra edilir.

“Bir müddət bundan əvvəl biz Qəbələ Beynəlxalq Aeroportunun açılışını qeyd edirdik. O vaxt mən demişdim ki, əgər biz Qəbələdə müasir turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq aeroport olmalıdır. Artıq buradan xarici ölkələrə uçuşlar təşkil edilir. Bu uçuşların sayı getdikcə artacaqdır.

Qəbələ rayonunun sakinləri və ətraf rayonlarda yaşayan soydaşlarımız da bundan istifadə edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə indi rahat gələ bilirlər. Yəni, aeroportun tikilməsi, mədəniyyət ocaqlarının, otellərin yaradılması – bütün bunlar reallıqdır və bu, son illərin reallıqlarıdır”.Prezident qeyd edib ki, bu gün Qəbələ ölkəmizin mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib.

“Bakıdan, digər yerlərdən, digər şəhərlərdən, başqa ölkələrdən buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən faizini öz üzərinə götürəcək.

Qəbələ artıq dünyada çox məşhur şəhərə çevrilibdir. Qəbələ musiqi festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu festivalda iştirak etmək üçün gəlirlər.

Buraya gələn hər bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra əlbəttə ki, Qəbələ haqqında, Azərbaycan haqqında tanışlarına və dostlarına məlumat verir”.İlham Əliyev vurğulayıb ki, ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin inkişafından keçir.

“Doqquz il bundan əvvəl regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi ilə o vaxtdan bu günə qədər regionlarda çox böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır.

Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf edir. Bu fərqi azaltmaq o qədər də asan məsələ deyildir. Ancaq hər bir şəhərdə yaşayış üçün normal şəraitin yaradılması bizim son illərdə apardığımız siyasətin əsas istiqaməti olmuşdur”.

Qəbələdə dağ xizəyi mərkəzinin yaradılmasına toxunan dövlət başçısı, qeyd edib ki, bu da son illərin reallıqlarıdır.

“Azərbaycanda heç vaxt dağ xizəyi mərkəzləri olmamışdır. Artıq bir neçə aydır ki, Qusar rayonundakı Şahdağ turizm xizək mərkəzi fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata görə, şənbə-bazar günlərində iki min insan, turist gəlir, bu imkanlardan istifadə edir.

Yəni, bu, Qusar rayonunun inkişafına böyük bir dəstəkdir, orada gedən bütün işlərə böyük təkan verəcəkdir.Eyni qaydada Qəbələdə də xizək mərkəzi yaradılır. Yəqin ki, gələn ildən, bəlkə də artıq bu ilin sonundan fəaliyyətə başlayacaqdır. Bu da əlavə turistlərin cəlb edilməsinə şərait yaradacaq”.

OXŞAR XƏBƏRLƏR